Rusiya aprelin 15-dən etibarən Türkiyəyə uçuşları dayandırır. Qadağa iyunun 1-dək qüvvədə olacaq.
FED.az xəbər verir ki, bu barədə baş nazirin müavini Tatyana Qolikova məlumat verib. Onun sözlərinə görə, bununla bağlı qərar Türkiyədə koronavirusa yoluxma sayının artması ilə bağlıdır.
Bundan sonra Rusiya ilə Türkiyə arasında uçuşlar həftədə cəmi iki reyslə məhdudlaşacaq. Qolikova bildirib ki, əgər koronavirusla bağlı vəziyyət yaxşılaşsa, uçuşlar bərpa olunacaq.
Bundan başqa, hökumət turizm şirkətlərinə tövsiyə edib ki, Türkiyəyə turist səyahəti paketlərinin satışını da dayandırsın.
«Biz Türkiyədəki vəziyyəti diqqətlə izləyəcəyik. Əgər vəziyyət düzəlsə, vətəndaşlarımızı dərhal məlumatlandıracağıq»-deyə baş nazirin müavini bildirib.
Qeyd edək ki, son günlər Türkiyədə koronavirusa yoluxmalar sürətlə artır. Aprelin 9-da ölkədə 55 min nəfər, aprelin 10-da 52 min nəfər, aprelin 11-də isə 50 min nəfər koronavirusa yoluxub. Ümumilikdə ölkədə indiyədək 3,8 milyon nəfər koronavirsa yoluxub, 34 min nəfər ölüb.