Turizm

Regionlardakı hotellərdə bahalaşma varmı? - AÇIQLAMA

Regionlardakı hotellərdə bahalaşma varmı? - AÇIQLAMA | FED.az
14:41 15 Sen 2020

Regionlardakı hotellərdə qiymət bahalaşması demək olar ki, yoxdur. Yalnız həftənin son günlərində az qiymət fərqləri müşahidə olunur.

Eləcə də bax: Dövlət Turizm Agentliyi: Vətəndaşlardan xahiş edirik ki, hotellərdəki problemlər barədə - Məlumat Versinlər

FED.az xəbər verir ki, bunu  Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.

Onun sözlərinə görə, sentyabrın 8-dən regionlara gediş-gəliş məhdudiyyəti götürülüb: “Vətəndaşlarımız öz istirahətlərini regionlarda keçirə bilərlər. Hotellər açıqdır və müştəriləri gəbul edirlər. Ötən həftənin şənbə-bazar günlərində regionlardakı hotellərdə demək olar ki, boş yer yox idi”.

G.Qəhrəmanov əlavə edib ki, hazırda paytaxtdan yalnız şəxsi nəqliyyat vasitələri və ya taksilərdən istifadə etməklə regionlara gedib-gəlmək mümkündür:

“İritutumlu avtobusların gediş-gəlişinə müvəqqəti olaraq məhdudiyyətlər var. Hotellər fəaliyyətə başlasa da, nəqliyyatın təşkilinə qoyulan məhdudiyyətlə əlaqədar yerli turizm şirkətləri qrup turları təşkil edə bilmirlər. Nəzərə alaq ki, daxili turizmlə məşğul olan şirkətlər qrup turlarına daha çox üstünlük verirlər. Bu, turistlərə həm də qiymət baxımından ucuz başa gəlir. Amma aydın məsələdir ki, insanların sağlamlığı daha vacibdir. Ümid edirik ki, bu məsələlər də mərhələli şəkildə öz həllini tapacaq”.

G.Qəhrəmanov əlavə edib ki, Dövlət Turizm Agentliyi tərəfindən hazırlanmış SAHMAN proqramının tələblərinə əməl edilmə vəziyyətinin yoxlanılması üçün respublikadakı hotellərdə monitorinqlər keçirilir. SAHMAN proqramında yer alan standartlar hotellərdə COVİD-19-a yoluxma risklərini azaldır. (Trend)

Digər xəbərlər