"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi - "Buta Airways" aprelin 5-dən Bakı-Aktau-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayır.
Bu barədə FED.az-a aviaşirkətdən bildirilib.
Məlumata görə, uçuşlar həftədə 3 dəfə - çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.
Biletləri butaairways.az rəsmi saytından (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə etmək olar. Biletlərin dəyəri 29 avrodan başlayır.
Pandemiya dövründə reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir. Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyət şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq. Qazaxıstana səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının bu ölkənin ərazisinə giriş hüququ olmalıdır.
Pandemiya dövründə Qazaxıstan ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilib: https://www.butaairways.az/az/covid/kazakhstan
Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilib: https://www.butaairways.az/az/covid/clinics
Qazaxıstandan Azərbaycana uçuş zamanı COVİD-19 testindən keçmək zəruridir. PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcək. COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.