Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycana dünyanın 139 ölkəsindən 352,5 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
FED.az Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, gələnlərin 29,3%-i Rusiya, 24,9%-i Gürcüstan, 13,8%-i Türkiyə, 8,0%-i İran, 3,7%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,1%-i Ukrayna, 2,0%-i İraq, 16,1%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 71%-ini kişilər, 29%-ini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 52,8%-i yanvar, 47,2%-i fevral ayında ölkəyə gəlib.
İran istisna olunmaqla, Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilmişdir. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6 dəfə, Qətər vətəndaşlarının sayı 2,6 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,5 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,5 dəfə, Oman vətəndaşlarının sayı 1,8 dəfə, İraq vətəndaşlarının sayı 1,7 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,3 dəfə artıb. İrandan gələnlərin sayında 26,7% azalma müşahidə edilib.