Azərbaycanda turizm sahəsində aktivlik əsasən yay aylarında müşahidə olunsa da, qış turizmini sevən insanların da sayı az deyil. Ölkəmizdə qış turizm mövsümünə dekabr ayının 15-dən başlanılır.
Şuşadakı otellər də bahalaşdı: Yeni il şənliyi 2500-3500 MANATA BAŞA GƏLƏCƏK
Əsasən Yeni il ərəfəsində tətilə çıxanlar qış turizm komplekslərinə üz tuturlar. Təbii ki, fəslin iqlim normasına uyğun keçməsi də burada əsas faktorlardan biridir. Məsələn, havanın qarlı olacağı ilə bağlı proqnoz turistləri həftəsonu üçün bölgələrə üz tutmağa həvəsləndirir. Elə qiymətlərin də xüsusən bayram ərəfəsində və qarlı havalarda artdığının şahidi oluruq. Təbii ki, hotellərin həftəsonu, bayram günləri tarifləri ilə həftəiçi qiymətləri də fərqlənir. Yəni tələb artdıqca qiymət də yüksəlir. Bəs təkliflər qaneedicidirmi?
Qiymətlərdə davamlı artım müşahidə olunur
Turistlərin əksəriyyətinin yüksək olmayan büdcə ilə səyahət etdiyini nəzərə alsaq, öncədən planlaşdırılan istirahət zamanı ilk diqqət edilən məqam yerləşmə yerinin qiyməti olur. Qrup turları qiymət baxımından sərfəli olsa da, ailəliklə 2-3 günlük istirahət etmək üçün az qala evdəkilərin hamısının aylıq məvacibi xərclənməlidir. Üstəlik, ailə üzvləri çoxdursa, onda məsələ bir az da qəlizləşir.
Azərbaycanda qış turizmi üçün turistlər əsasən, Quba, Qusar, Qəbələ, Şamaxı, İsmayıllı, Şəki, Lerik, Lənkəran rayonlarına üz tuturlar. Bu rayonlarda yerləşən 3, 4 ulduzlu, həmçinin ulduz kateqoriyası olmayan kottec tipli hotellərdə belə qiymətlərin eyni olduğunu deyə bilərik. Məsələn, iki nəfərlik standart otaqlar 150 manat, Deluxe otaq 200 manat, 4 nəfərlik VIP otaq isə 250 manat məbləğində təklif olunur. Uşaqlar üçün otağa əlavə çarpayı verilməsi isə 6 yaşa qədər pulsuz, 6 yaşdan yuxarılara 30-40 manatdır. Mehmanxananın birgünlük qiymətinə isə yalnız səhər yeməyi, qapalı hovuz (olduğu təqdirdə), sauna, SPA, bilyard, kinoteatr, fitnes zal kimi müxtəlif xidmətlər daxildir. Təbii ki, onlar da işlək vəziyyətdə olarsa...
Ulduzlar "5"ə çatanda isə hotellərin qiyməti qalxır ceyran belinə...
Bayramlarda həm böyüklərin, həm də uşaqların əylənmək istəyi müşkülə çevrilir. Çünki regionlarda, demək olar ki, əyləncə mərkəzlərinə rast gəlinmir. Görünən odur ki, mehmanxana sahibləri hotel ərazisində və ya yaxınlığında əyləncə mərkəzlərinin fəaliyyət göstərməsində maraqlı deyillər. Əyləncə turizminin olmaması yerli turistlərin xaricə üz tutmasının əsas səbəbləri arasında yer aldığını desək, yanılmarıq.
Bundan başqa, xarici ölkələrə səfərlərlə bağlı müəyyən turizm şirkətləri tərəfindən öncədən rezerv zamanı endirim təklifləri dekabr ayında region hotellərimizə şamil edilmir.
Bu barədə bir neçə hoteldən sorğu aldıq, hamısı əvvəlcədən bron olunduğu halda belə hər hansı endirim tətbiq olunmadığını qeyd etdi. Amma bununla yanaşı, Yeni ilə doğru qiymətlərin dəyişəcəyini xüsusi vurğuladılar, təbii ki, bu dəyişiklik də yalnız qiymətlərin qalxması ilə bağlıdır.
Bazarda təklifin çoxalması qiymətlərin müəyyən qədər enməsinə səbəb olmalıdır. Yəni rəqabət artdıqca hər büdcəyə uyğun hotellər tapmaq olar.
Doğrudur, bölgələrdə hotellərin sayının hələ də az olduğu vurğulansa da, son illərdə rayonlarda tikilən mehmanxanalar, turizm kompleksləri müəyyən qədər artıb. Bununla belə qiymətlərdə nəinki enmə, əksinə, artım müşahidə edilir.
Əsas məsələ isə bu qiymətlərin qarşılığında təklif olunan xidmətlərin hansı səviyyədə olması və turistləri nə dərəcədə qane etməsidir.
Qarabağ və Şərqi Zəngəzur turizm marşrutuna əlavə olunacaq
FED.az xəbər verir ki, Dövlət Turizm Agentliyindən bildirilir ki, hər il olduğu kimi, bu il də hədəf ölkəyə daha çox əcnəbi qonağın cəlb edilməsinə nail olmaq, bazarlarda müvafiq təbliğat işlərini artırmaq, ölkələrin coğrafiyasını genişləndirmək, eləcə də sənayenin fəaliyyətinə dəstək göstərmək, yeni turizm məhsullarının yaradılmasına nail olmaqdır. Bütövlükdə qış mövsümündə də təbiət, mədəni, sağlamlıq, qastronomik və digər ənənəvi turizm istiqamətləri üzrə işlər davam etdirilir.
Bu ilin yanvar-oktyabr ayları üzrə ölkəmizə 1 724 218 xarici ölkə vətəndaşı səfər edib. İlin sonuna kimi Azərbaycana səfər edənlərin sayının iki milyon nəfərə çatması proqnozlaşdırılır. Həmçinin qış mövsümünün davamı olaraq növbəti ilin yanvar-mart aylarında da bu illə müqayisədə artımın olacağı proqnozlaşdırılır.
Agenlikdən bildirilib ki, ümumilikdə növbəti il bu illə müqayisədə xarici ziyarətçilərin sayında 20 faiz artım olması hədəflənir.
"Hazırda ölkə üzrə 3 əsas qış turizm mərkəzi - "Şahdağ" Turizm Mərkəzi, "Tufandağ" Qış-Yay Turizm Kompleksi və Naxçıvan Muxtar Respublikasında yerləşən "Ağbulaq" İstirahət Mərkəzi turistlərə xidmət göstərir.
Qış turizm destinasiyalarına daha çox MDB ölkələrindən və Yaxın Şərq regionundan olan turistlər üz tuturlar. Həmçinin Avropa bazarından olan turistlərin də daha çox ölkəmizə səfərlərinin təmin edilməsi istiqamətində işlər aparılır. Müasir infrastruktura malik qış turizm mərkəzlərinin mövcudluğu ölkəmizdə qış idman növləri üzrə beynəlxalq tədbirlərin keçirilməsinə də şərait yaradır.
Azərbaycan 2024-cü ildə Beynəlxalq Xizək Alpinizmi Federasiyasının ("International Ski Mountaineering Federation" - ISMF) Plenar Assambleyasına və xizək alpinizmi üzrə beynəlxalq yarışa evsahibliyi edəcək", - deyə məlumatda əksini tapıb.
Dövlət Turizm Agentliyinin məlumatına əsasən, Kəlbəcər və Laçın rayonları da qış turizminin inkişaf etdirilməsi üzrə geniş potensiala malikdir. Qış aylarında havanın temperaturu, yağıntılı və qarlı günlərin sayı, relyef, dağın hündürlüyü və meyilliliyi kimi amillər nəzərə alınaraq bu ərazilərdə qış turizm mərkəzlərinin yaradılması məqsədəuyğun hesab edilə bilər.
Xüsusilə Kəlbəcərin sağlamlıq turizm potensialı nəzərə alınaraq turizm resurslarının bir ərazi ətrafında paralel inkişafı müxtəlif seqmentli turistlərin cəlb olunmasına, həmçinin beynəlxalq praktikada olduqca geniş istifadə olunan sağlamlıq turizmi və dağ-xizək mərkəzlərinin birlikdə turizm klasteri formalaşdırmasına şərait yarada bilir.
Hazırda mart ayından etibarən Şuşaya təşkil olunan turlar davam etməkdədir. Yaxın gələcəkdə Suqovuşan istirahət parkı və Talış kəndinə də turistik turların təşkil edilməsi planlaşdırılır.
Regionlarda hotellərin sayı hələ də azdır
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov mövzu ilə əlaqədar açıqlamasında deyir ki, qış turizmi ilə bağlı turizm şirkətləri tərəfindən təkliflər hazırlanaraq müştərilərə təqdim edilib. Belə ki, turistlər daxili turizm üçün Şahdağda, Tufandağda dincələ bilərlər: "Turistlər qış aylarında daha çox qar olan yerlərə üstünlük verirlər. Amma digər regionlar da öz prioritetliyini qoruyub saxlayır. Bura Gəncə, Lənkəran, Quba, Şəki rayonları daxildir. Hər il olduğu kimi, bu rayonlar turistlərin ən çox üz tutduğu bölgələrdir. Bu istiqamətlərlə bağlı turizm şirkətləri təkliflər hazırlayıblar".
ATAA sədri deyir ki, xaricə getmə turizmində yenə də Dubay prioritetliyini qoruyub saxlayır. Bundan başqa, Türkiyə, Avropa ölkələri və isti ölkələr də turistlərin üz tutduğu əsas yerlərdəndir. Son zamanlar Əbu-Dabi şəhərinə maraq artıb, bunun səbəbi isə birbaşa uçuşların olmasıdır. Bu, turistlərin rahatlığına və büdcəsinə qənaət edir. Bu zaman tur paketlər daha əlçatan olur.
Regionlarımızda hotellərin sayının hələ də az olduğunu vurğulayan G.Qəhrəmanov deyib ki, hazırda tələb çox olsa da, təklif o qədər deyil. "Daha çox 4-5 ulduzlu hotellər olduğu üçün bəzi turistlər büdcəsinə görə qiymətlərdən narazılıq edirlər. Buna görə də otellərin baha olması ilə bağlı şikayətlər gəlir. Səbəbi hotellərin sayının az olması ilə bağlı rəqabət mühitinin formalaşmamasıdır. Elə regionlar var ki, orada cəmi bir hotel var. Bu mehmanxananın da qiyməti hər büdcəyə uyğun olmur", - deyə o əlavə edib.
Onun sözlərinə görə, regionlarda 5 ulduzlu hotellərin təklif etdiyi qiymət xarici ölkələrdəki eyni tipli hotellərlə uyğundur, yəni o qədər də baha deyil.
G.Qəhrəmanov qeyd edir ki, mehmanxanaların az olması bu problemləri ortaya qoyur: "Arzu edirik ki, iş adamları yaxın gələcəkdə regionlarda hotellərin tikilməsinə dəstək olsunlar. Rəqabət olanda qiymətlər tənzimlənir, təqdim olunan xidmətlərin də keyfiyyəti yüksək olur. Hotellərin sayı mütləq şəkildə çoxalmalıdır".
Yeni il proqramlarını təklif edən bəzi hotellərdə qiymətlər baha olur
Göydəniz Qəhrəmanov vurğulayır ki, bayram ərəfələri - Yeni il, Novruz, Qurban bayramı tətilləri turizm üçün əlverişli mövsüm sayılır. Bu dövrdə qiymətlər digər vaxtlardan olur. Təkcə Azərbaycanda deyil, ümumiyyətlə, dünyanın hər yerində bu mövsümün qiymətləri yüksək olur. Regionlarda elə hotellər var ki, Yeni il proqramlarına görə qiymətləri baha olur. Bunun üçün də bazarda təklif çox olmalıdır ki, onların qiymətləri tənzimlənsin.
Məsələn, Bakıda Yeni il şənliyi proqramlarının qiyməti təklif çox olduğu üçün fərqlidir, yəni hər büdcəyə uyğun variantlar var. Amma paytaxtda bu mövsümdə qiymətlər adi vaxtlardan yüksək olur.
G.Qəhrəmanov iş adamlarını regionlarda hotel, kafe, restoran, əyləncə mərkəzlərinə investisiya yatırmağa çağırır. O qeyd edir ki, xarici turistlərin sayı ildən-ilə artır, bununla yanaşı, daxili turizmin də inkişafı sürətlənir. ATAA sədri düşünür ki, bu say yaxın 4-5 ildə daha da artacaq və buna hazır olmalıyıq: "Biznesmenlər regionlarda da belə obyektlərin açılmasında maraqlı olmalıdırlar. Regionlarda hotellərin, mərkəzlərin açılışı daha az xərc tələb edir".
Bəzi regionlarda əyləncə turizminin olmaması ilə bağlı narazılıqların olduğunu deyən sədr əlavə edir ki, Qəbələ və Şəki rayonlarında belə problemlər yoxdur. Çünki burada hotellərin, əyləncə mərkəzlərinin, istirahət zonalarının çox olması belə məsələlərin ortaya çıxmasına şərait yaratmır. Amma elə rayonlar var ki, orada turistlər üçün əyləncə mərkəzləri ya azdır, ya da yoxdur. Bölgələrdə yerləşən hotellərin sahibləri də belə obyektlərin açılmasında maraqlı olmalıdırlar ki, biznesləri inkişaf etsin. Təkcə hotel tikib bununla kifayətlənmək olmaz.
Göydəniz Qəhrəmanov deyir ki, yay aylarında daha çox turistin müşahidə edilməsinin bir neçə səbəbi var. Bu, əsasən məktəb və universitetlərdə tətil olması, valideynlərin bu aylarda məzuniyyətə çıxmaları və dəniz mövsümünün açılması ilə bağlıdır. Turistlər yay aylarında səfər etməyi daha çox xoşlayırlar. Amma bu, o demək deyil ki, qış turizmi inkişaf etmir. Elə ölkələr var ki, sırf qış turizmi ilə məşğuldurlar.
Qarabağ regionunun turizm potensialından danışan ekspert vurğulayır ki, bu bölgədə həm qış, həm də yay turizminin inkişafı üçün bütün imkanlar var. Lakin 30 il ərzində düşmən tərəfindən həmin ərazilərdə infrastruktur məhv edilib. Ərazilərin minalardan təmizlənməsi işləri hələ də davam edir və bu, müəyyən zaman alacaq. Hazırda Füzuli və Zəngilanda beynəlxalq hava limanları fəaliyyət göstərir. Gələcəkdə bu rayonlarda da həm yerli, həm də xarici ölkələrdən gələn təyyarələri qəbul edə biləcəklər. Eyni zamanda, Laçında da hava limanı fəaliyyət göstərəcək.
Müsahibimiz qeyd edir ki, perspektivdə Kəlbəcərdə müalicəvi turizm inkişaf etdiriləcək. Bu rayonun relyefi xizək turizminin də inkişafına şərait yaradacaq.
"Şuşa tarixi mədəni turizm mərkəzimizdir. Hazırda Şuşaya daxili turlar təşkil olunur. İnfrastruktur, təhlükəsizlik məsələlərinin mərhələli şəkildə həll edilməsi bu bölgənin turizm imkanlarının təbliğinə və təqdim edilməsinə imkan verəcək. Gələcəkdə Qarabağ və Şərqi Zəngəzura böyük turist axını olacaq", - deyə o bildirib.
Deyilənlər göstərir ki, regionlara turist axını ildən-ilə artsa da, tələb çoxalsa da, bölgələrimizdə mehmanxanaların sayının azlığı qiymətlərin hələ də yüksək olmasına gətirib çıxarır. Bu isə turist narazılığına səbəb olur. Müəyyən büdcə ilə səyahət planlaşdıranlar nəinki bir neçə günlük, heç birgünlük belə səfərə gedə bilmirlər. Bununla yanaşı, bəziləri regionlarda 2-3 günə xərclədiyi pulla qonşu ölkələrdə daha əyləncəli istirahətə üstünlük verirlər.
Müşahidələr göstərir ki, xarici ölkələrə ikinəfərlik 3-7 günlük tur paketlərin qiyməti (bura aviabilet, qonaqlama, gündə 3 dəfə qidalanma daxildir), demək olar ki, regionlardakı eyni müddətli istirahətə bərabər qiymətə gəlib çıxır, bəzən isə ucuz olur. Bundan başqa, rəqabətin yüksək olması, xidmətin keyfiyyəti, bol əyləncə də vətəndaşlarımızı xarici ölkələrə səyahət etməyə sövq edir. Çünki "Yüksək keyfiyyət, aşağı qiymət" hər kəsə sərf edir... (Azərbaycan)