Yanvar-may aylarında Qəbələ rayonundakı hotel və mehmanxana tipli müəssisələrə 35 min 412 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 15 min 370 nəfəri və ya 43,4 faizi Azərbaycan, 20 min 42 nəfəri və ya 56,6 faizi xarici ölkə vətəndaşı olub.
FED.az xəbər verir ki, bu barədə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, yanvar-may aylarında Qəbələnin hotel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3771 nəfər və ya 11,9 faiz artıb. Beş ayda yerli turistlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 2062 nəfər və ya 15,5 faiz, əcnəbi turistlərin sayında isə 1709 nəfər və ya 9,3 faiz artım qeydə alınıb.
İdarədən verilən məlumata görə, cari ilin yanvar-may aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib. Belə ki, beş ayda bu ölkənin 10 min 490 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, yanvar-may aylarında Qəbələyə Səudiyyə Ərəbistanından 2708, Birləşmiş Ərəb Əmirliklərindən 2075, Pakistandan 1184, İsraildən 494, Küveytdən 469, Rusiya Federasiyasından 439, Qətərdən 395, Omandan 187, Türkiyədən 124, Böyük Britaniyadan 93, ABŞ-dan 75 turist səfər edib. Gələnlərin 1309 nəfəri isə digər ölkələrin vətəndaşları olub.
Beş ayda Qəbələ rayonu ərazisində yerləşən 21 mehmanxana və mehmanxana tipli müəssisədən 14-ü fəaliyyət göstərib. Bir gün qonaqlamaq üçün orta qiymət 113,9 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub. (Azərtac)