Cari ilin yanvar-avqust aylarında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 62 min 887 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 58 min 133 nəfəri və ya 92,4 faizi Azərbaycan, 4 min 754 nəfəri və ya 7,6 faizi xarici ölkə vətəndaşı olub.
FED.az xəbər verir ki, bu barədə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, 8 ayda Qəbələnin otel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 18 min 5 nəfər və ya 40,1 faiz artıb. Həmin müddətdə yerli turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 min 58 nəfər və ya 61,1 faiz artsa da, əcnəbi turistlərin sayında 4 min 53 nəfər və ya 46 faiz azalma qeydə alınıb. Xarici turistlərin sayında azalma, ilk növbədə, koronavirus pandemiyası səbəbindən ötən ilin əvvəllərindən etibarən ölkələr arasında əlaqələrin məhdudlaşdırılması ilə əlaqədardır.
2021-ci ilin yanvar-avqust aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları üstünlük təşkil edib. Belə ki, ötən müddətdə bu ölkənin 1157 vətəndaşı Qəbələyə gəlib.
Ümumiyyətlə, cari ilin 8 ayında Qəbələyə Türkiyədən 527 nəfər, Rusiyadan 446 nəfər, Qətərdən 329, Hindistandan 302, İsraildən 210, Pakistandan 158, Böyük Britaniyadan 135, İrandan 107, ABŞ-dan 103, Ukraynadan 88, Qazaxıstandan 75, Gürcüstandan 71, Səudiyyə Ərəbistanından isə 62 nəfər turist gəlib. Qəbələyə gələn əcnəbi turistlərin 984 nəfəri isə digər ölkələrin vətəndaşları olub.(Azərtac)