Keçən il Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 79 min 823 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 37 min 753 nəfəri və ya 47,3 faizi Azərbaycan, 42 min 70 nəfəri və ya 52,7 faizi xarici ölkə vətəndaşı olub.
Gələn ildən regionlarda mehmanxana, hotel və sanatoriyalara - 3 İL VERGİ GÜZƏŞTİ OLACAQ
FED.az xəbər verir ki, bu barədə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
2023-cü ilin yanvar-dekabr aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Səudiyyə Ərəbistanının vətəndaşları əvvəlki illərdə olduğu kimi, yenə də üstünlük təşkil edib. Belə ki, ötən il bu ölkənin 11 min 421 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, keçən il Qəbələyə Hindistandan 8987, Birləşmiş Ərəb Əmirliklərindən 7280, Küveytdən 2766, İsraildən 1635, Pakistandan 1388, Rusiyadan 1038, Qətərdən 876, Omandan 702, Türkiyədən 409 turist səfər edib. Bundan əlavə, həmin müddətdə Qəbələyə Bəhreyn, Qazaxıstan, ABŞ və digər ölkələrdən də xeyli sayda əcnəbi turist gəlib.
Keçən il rayon ərazisində yerləşən 18 mehmanxana və mehmanxana tipli müəssisədən 15-i fəaliyyət göstərib. Bir gün qalmaq üçün orta qiymət 106,5 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub. (Azərtac)