Bu ilin yanvar-aprel aylarında Qəbələ rayonundakı hotel və mehmanxana tipli müəssisələrə 25 min 927 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 12 min 18 nəfəri və ya 46,4 faizi Azərbaycan, 13 min 909 nəfəri və ya 53,6 faizi xarici ölkə vətəndaşı olub.
FED.az xəbər verir ki, bu barədə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, yanvar-aprel aylarında Qəbələnin hotel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3574 nəfər və ya 16 faiz artıb. Dörd ayda yerli turistlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 1215 nəfər və ya 11,2 faiz, əcnəbi turistlərin sayında isə 2359 nəfər və ya 20,4 faiz artım qeydə alınıb.
İdarədən verilən məlumata görə, cari ilin yanvar-aprel aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları əvvəlki aylarda olduğu kimi, yenə də üstünlük təşkil edib. Belə ki, dörd ayda bu ölkənin 7479 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, yanvar-aprel aylarında Qəbələyə Birləşmiş Ərəb Əmirliklərindən 1677, Səudiyyə Ərəbistanından 1384, Pakistandan 860, Küveytdən 325, Rusiya Federasiyasından 255, Qətərdən 239, İsraildən 202, Omandan 154, Türkiyədən 111 turist səfər edib. Gələnlərin 1223 nəfəri isə digər ölkələrin vətəndaşları olub.
Dörd ayda Qəbələ rayonu ərazisində yerləşən 21 mehmanxana və mehmanxana tipli müəssisədən 16-sı fəaliyyət göstərib. Bir gün qonaqlamaq üçün orta qiymət 106,5 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub. (Azərtac)