Bu ilin yanvar-aprel aylarında Qəbələ rayonundakı hotel və mehmanxana tipli müəssisələrə 22 min 353 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 10 min 803 nəfəri və ya 48,3 faizi Azərbaycan, 11 min 550 nəfəri və ya 51,7 faizi xarici ölkə vətəndaşı olub.
Azərbaycana gələn 40 min turist - XİDMƏTDƏN NARAZI GEDİB
FED.az xəbər verir ki, bu barədə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, yanvar-aprel aylarında Qəbələnin hotel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2022 nəfər və ya 9,9 faiz artıb. Dörd ayda yerli turistlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 1692 nəfər və ya 15,7 faiz azalsa da, əcnəbi turistlərin sayında 3714 nəfər və ya 47,4 faiz artım qeydə alınıb.
Cari ilin yanvar-aprel aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları əvvəlki aylarda olduğu kimi, yenə də üstünlük təşkil edib. Belə ki, dörd ayda bu ölkənin 5248 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, yanvar-aprel aylarında Qəbələyə Səudiyyə Ərəbistanından 1378, Birləşmiş Ərəb Əmirliklərindən 1343, Küveytdən 541, Pakistandan 443, Rusiyadan 359, Qətərdən 247, Omandan 171, Bəhreyndən 140, İsraildən 129, Türkiyədən isə 110 turist səfər edib. Bundan əlavə, həmin müddətdə Qəbələyə digər ölkələrdən də müəyyən sayda əcnəbi turist gəlib.
Dörd ayda Qəbələ rayonu ərazisində yerləşən 18 mehmanxana və mehmanxana tipli müəssisədən 15-i fəaliyyət göstərib. Bir gün qalmaq üçün orta qiymət 95,6 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub. Bu müddətdə turizm obyektlərində 903 işçi çalışıb. (Azərtac)