Qazaxıstan Prezidenti turizmin inkişafı üçün MDB məkanında vahid viza rejiminin tətbiqini təklif edib
FED.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev turizmin inkişafı üçün MDB məkanında vahid viza rejiminin tətbiqini təklif edib.
Eləcə də bax: Azərbaycan vətəndaşları 66 ölkəyə - VİZASIZ GEDƏ BİLƏR
Qazaxıstan KİV-ləri xəbər verir ki, Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında çıxış edən Qazaxıstan dövlətinin başçısı bu viza rejiminin “Şengen” nümunəsində yaradılmasını və “Birlik vizası” adlanması təklifini irəli sürüb.
O əlavə edib ki, MDB ölkələrində geniş turizm potensialı mövcuddur və Birlik ölkələri bu sahədə faydalı əməkdaşlığı gücləndirə bilərlər.
Qazaxıstan Prezidentinin sözlərinə görə, MDB-nin hər bir ölkəsində unikal təbiət-landşaft və dünyanın ən məşhur obyektlərinin siyahısını tamamlayacaq tarix-mədəniyyət abidələri var.
“Təəssüf ki, milli miqrasiya və viza rejimlərində olan əhəmiyyətli fərqlər hələ də qalmaqdadır. Onlar bir səyahət zamanı bir neçə ölkəni gəzmək istəyən turistlərə əngəl törədir. Mən, əlbəttə, bunun asan olmayacağını bilirəm, amma düşünürəm ki, MDB ərazisində “Şengen” vizasına bənzər “Birlik vizası” adlı vahid rejimin tətbiqinin müzakirə olunmasının vaxtı çatıb”, -deyə Kasım-Jomart Tokayev vurğulayıb.
Qazaxıstan Prezidenti əlavə edib ki, məsələyə bu cür yanaşma MDB məkanında turist axının da kəskin artması ilə nəticələnəcək. O qeyd edib: “Əlbəttə, ekspertlərimiz bu məsələnin üzərində ciddi iş aparmalıdırlar”.
Marja