Milli Məclis ulduz kateqoriyası olmadan fəaliyyət göstərən hotellərin cərimələnməsini təsdiq edib.
Eləcə də bax: "Ulduz"suz işləyən otellər üçün - 5 MİN MANAT CƏRİMƏ
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə Məcəlləyə yeni maddə (428-1. Turizm haqqında qanunvericiliyin pozulması) əlavə edilir.
Yeni maddəyə əsasən, sığortaçı ilə mülki məsuliyyət sığortası müqaviləsi bağlamadan turoperator və ya turagentlər tərəfindən turizm zərfinin satışının həyata keçirilməsinə görə - fiziki şəxslər min manat, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.
Mehmanxanalar (hotellər) tərəfindən “Turizm haqqında” qanunun 9.1-ci maddəsinə uyğun olaraq ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə - iki min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək..
Qanunun 13.2–13.4-cü maddələrinin tələbləri pozularaq, Turizm Reyestrinə daxil edilməli olan məlumatların daxil edilməməsinə və ya vaxtında daxil edilməməsinə, Turizm Reyestrindəki məlumatların yenilənməməsinə və ya vaxtında yenilənməməsinə görə - üç yüz manat məbləğində cərimə ediləcək.
Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılmamasına görə - iki yüz manat məbləğində cərimə ediləcək.
Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.