Pakistan vətəndaşlarına tətbiq edilən çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsum dərəcəsi müəyyən edilib.
Eləcə də bax: Azərbaycan və Pakistan məhsulların gömrükdən keçidini - ASANLAŞDIRACAQ
FED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Belə ki, qərarla Azərbaycana səfər edən əcnəbilərə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin həmin əcnəbilərin vətəndaşı olduğu ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən olunduğu ölkələrin siyahısı genişləndirilib. Siyahıya Pakistan da əlavə olunub.
Beləliklə, Azərbaycan ilə Pakistan arasında mövcud yaxın dostluq və strateji tərəfdaşlıq əlaqələrini, iki ölkənin siyasi baxımdan həssas məsələlərdə bir-birinə göstərdiyi dəstəyi, eləcə də iqtisadi-ticarət sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün atılan addımları və bu mənada xüsusi əhəmiyyət kəsb edən qarşılıqlı səfərlərin əhəmiyyətini nəzərə alaraq, yuxarıda qeyd edilən Siyahıya Pakistanın əlavə edilməsi məqsədəuyğun hesab olunub.
Bu Qərar Pakistan vətəndaşlarına münasibətdə tətbiq edilən çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin qarşılıqlı olaraq Pakistan tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə tətbiq edilən çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsum dərəcəsinin səviyyəsində müəyyən edilməsini tənzimləyir. (Report)