2020-ci ilin yanvar və fevral aylarında Azərbaycana gələn turist sayında artım müşahidə edilsə də, mart ayından etibarən koronavirus pandemiyası ilə əlaqədar sərhədlərin bağlanması, uçuşların təxirə salınması səbəbindən ölkəyə gələn turist axını dayanıb. Koronavirusa görə, bu il bir çox yerli turistlər xarici səyahətləri təxirə salıb. Pandemiyadan sonra da kütləvi halda xarici ölkələrə səyahət gözlənilmədiyindən insanların səyahət üçün daha çox regionlara üz tutacağı ehtimal olunur. Amma turizm məkanlarında gigiyena qaydalarına əməl etmək məcburi olacaq.
Eləcə də bax: Azərbaycanda dövlətdən yardım alan - MƏŞHUR OTELLƏR - SİYAHI
FED.az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, Azərbaycanda mayın 31-də karantinin bitməsi haqqında qərar qəbul edilərsə, iyunun 1-i Azərbaycanda yeni turizm mövsümünə başlanılacaq.
Eləcə də bax: Turizm obyektlərində sosial məsafəyə dair - TƏLƏB MÜƏYYƏNLƏŞİB
Ötən dövr ərzində turizm sənayesini qoruyub saxlamaq üçün ciddi işlərin aparıldığını deyən K.Quluzadə Azərbaycan turizminin hər an yeni başlanğıca hazır olduğunu söyləyib. “Postkarantin dövründə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən hazırlanan Sanitariya və Gigiyena Metodları və Normaları Proqramının (SAHMAN - Sanitation and hygiene methods and norms) tətbiqi nəticəsində Azərbaycan turizminin rəqabət imkanları daha da artırılacaq. Turizmin bərpası xüsusi kriteriyalarla olacaq. Əsas kriteriya insanların sağlamlığının qorunub təmin edilməsidir ki, həm kafe və restoranlarda, həm mehmanxana və mehmanxana tipli obyektlərdə, turistlərə xidmət göstərən nəqliyyat vasitələrində xüsusi qaydaların tətbiq edilməsi təklif edilib və həmin qaydalara riayət edən obyektlərin üzərində SAHMAN leybli vurulacaq ki, turistlər ora gələndə bilsinlər ki, orada həm dezinfeksiya işləri keçirilib, həm qoruyucu tədbirlər görülüb, işçilərin gigiyenası, məsafə qorunur, nəqliyyatda oturma qaydaları və s. tətbiq edilir”,-deyə Dövlət Turizm Agentliyinin sözçüsü bildirib.
Onun sözlərinə görə, karatindən sonra istirahət və əyləncə mərkəzləri və digər turizm obyektlərinin artan tələbata tam şəkildə cavab verə bilməsi üçün müxtəlif layihələr həyata keçirilir. Bunlardan biri “Macəra yaxındadır” kampaniyasıdır. Kampaniya çərçivəsində yerli turistlər turizm şirkətləri və hotellər tərəfindən təqdim olunmuş turizm zərflərindən yararlana biləcək.
Kənan Quluzadə deyib: “Biz yerli otellərlə, turizm şirkətləri, turizm assosiasiyaları ilə danışıqlar aparırıq ki, əhali üçün qiymətlər sərfəli olsun, hər kəs öz büdcəsinə uyğun olaraq həm regionlarda, həm Bakıda səyahətlərini qura bilsinlər. Kampaniya çərçivəsində yeni yanaşmalar da tətbiq ediləcək. Bilirsiniz ki, Azərbaycanda turizm deyiləndə Bakıdan və regionlardan digər regionlara səfər etmək nəzərdə tutulur, amma ölkəmizin ən çox turizm cəlb edən regionu elə Bakı və Abşerondur, regionlardan Bakıya gələn insanlar da turist ola bilərlər. Düzdür, insanlar daha çox qohumların evlərində qalırlar, özlərini turist kimi aparmırlar. Paytaxtdakı otellər də bu dövrdə şərait yaratsalar ki, Bakıya gələn insanlar öz büdcələrinə uyğun otellərin xidmətlərindən bəhrələnsinlər, əlbəttə, bu istiqamət də inkişaf edə bilər”.
Qeyd edək ki, pandemiyadan zərər çəkmiş turizm sahəsində fəaliyyət göstərən biznes və sahibkarlara da dövlət tərəfindən dəstəyin göstərilməsi barədə qərar qəbul olunub, bu da karantin rejimindən sonra yaranacaq tələbatın qarşılanmasına müsbət təsir göstərə bilər.
Azərtac