Qurban bayramı ilə əlaqədar Qusardakı otel və istirahət mərkəzlərindəki yerlərin 90 faizi əvvəlcədən sifariş olunub.
FED.az xəbər verir ki, Qusar Turizm İnformasiya Mərkəzindən bildirilib ki, bayram günlərini rayonda keçirmək üçün müraciət edənlər həm yerli, həm də əcnəbi turistlərdir. Bu günlərdə rayona gələn turistlərin sayı adi vaxtlardakından 50-60 faiz çoxdur.
Bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışan mərkəzə müraciət edən turistlər istirahət mərkəzləri, turizm marşrutları barədə ətraflı məlumat ala bilərlər.
Əcnəbi turistlərin müraciətləri arasında ərəb ölkələrindən, Rusiya, Türkiyə və İrandan olanlar çoxluq təşkil edir. Bununla əlaqədar istirahət mərkəzlərində qonaqlara ənənəvi milli mətbəxlə yanaşı, xarici ölkə yeməkləri də təqdim olunacaq.
Qusardakı istirahət mərkəzlərində 4 nəfərlik kotteclərdə səhər yeməyi də daxil olmaqla, dincəlmək 100-120 manata başa gəlir.
Turizm İnformasiya Mərkəzi otellərdə yer tapa bilməyən turistlərə kənd evlərində qalmağı tövsiyə edir. Qusarın Ləzə, Həzrə və digər dağlıq kəndlərində ev kirayə edərək yerli sakinlərlə birgə yaddaqalan bayram keçirmək mümkündür. Burada qiymətlər otellərdən 50-60 faiz ucuzdur.
Qurban bayramı öncəsi Quba rayonundakı istirahət mərkəzlərində də sıxlıq müşahidə olunur. Burada da otel və istirahət mərkəzlərindəki yerlərin əksəriyyəti əvvəlcədən sifariş olunub.