Moskva meri Sergey Sobyanin paytaxtda əcnəbi miqrantlar üçün patentin qiymətinin 5 900 rubladək (80 ABŞ dolları) artdığını açıqlayıb.
Eləcə də bax: Overçukdan Rusiyaya şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş barədə - AÇIQLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazır.
"Bu il biz patentin qiymətini artıracağıq və bu, 5 900 rubl təşkil edəcək, ayda təxminən 6 min rubl. Bu, ümumiyyətlə, miqrantlardan büdcəyə kifayət qədər rəqabətli ödənişlər təmin edir və özünməşğul Rusiya vətəndaşlarının ödədiyindən xeyli çoxdur", - Sobyanin Moskva Şəhər Dumasında çıxış edərkən bildirib.
Merin sözlərinə görə, Moskvada Avrasiya İqtisadi Birliyi ölkələrindən, o cümlədən Qırğızıstan və Ermənistandan gələn elə miqrantlar var idi ki, onlara ümumilikdə zəif nəzarət edilirdi.
"Rusiya Prezidentinin tapşırığına uyğun olaraq, federal qanuna dəyişikliklər edilib və gələn il yanvarın 1-dən bu miqrant axınlarına nəzarət əhəmiyyətli dərəcədə gücləndiriləcək", - Sobyanin bildirib.
Eyni zamanda, mer əmək məhsuldarlığının artırılmasının, tikinti və kommunal sektorlarda daha yüksək maaşlı iş yerlərinin yaradılmasının vacibliyini bildirib və qeyd edib ki, iş yerləri, ilk növbədə, moskvalılar üçün cəlbedici olmalıdır.
Moskva meri həmçinin bildirib ki, paytaxtın əksər kommunal xidmətlərində ümumiyyətlə miqrant işləmir.