Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk beş ayı ərzində 1,56 milyon sərnişinə xidmət göstərib. FED.az xəbər verir ki, bu göstərici ötən ilin analoji göstəricisindən 11% çoxdur.
“Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 631 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 176 min sərnişin düşmüşdür.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən daxil olan məlumata görə, 1 milyon 343 min sərnişin (ümumi sərnişin dövriyyəsinin 86 faizi) beynəlxalq reyslərlə daşınıb. Beynəlxalq sərnişinlərin ümumi sayının 31 faizi AZAL-ın, 13 faizi isə “Buta Airways”in payına düşüb.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30-dan çox aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-may ayları ərzində bu istiqamətlərə 1 milyon 22 min sərnişin uçmuşdur. İyun ayından etibarən Bəhreyn Krallığının milli aviaşirkəti “Gulf Air” Bakıya uçuşlar yerinə yetirməyə başlayıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.