Azərbaycanda turizm mövsümünün başlanması ənənəvi narazılıqları və problemləri yenidən gündəmə gətirib.
FED.az xəbər verir ki, xarici ölkələrin quru sərhədlərinin bağlı olması, ölkə daxilində səyahət edən yerli vətəndaşların sayını artırıb.
Əhali istirahət üçün topladığı vəsaiti daxili bazardakı turizm və iaşə obyektlərində (restoranlarda) xərcləsə də, ənənəvi problem – qiymət artımı və bəzən məntiqi olmayan qaydalar narazılıq doğurur.
Xüsusilə restoranlar tərəfindən tətbiq edilən bəzi qadağalar hətta turizm ekspertləri tərəfindən birmənalı qarşılanmır.
FED.az xəbər verir ki, tanınmış səyyah, bloger və jurnalist Azər Qərib Azərbaycanın bölgələrində fəaliyyət göstərən istirahət məkanlarından - restoran, kafe, yeməkxanalarından şikayət edib.
“Halal arvadı ilə gələnə bir qiymət, haram məşuqəsi ilə gələnə başqa qiymət. “Jiquli” ilə gələnə bir qiymət, “Bentli” ilə gələnə digər qiymət. Şortiklə qələnə əlavə ödəmə, ərəblərin isə ümumiyətlə mərhəmətə zərrə qədər də şansları yoxdur”.
Onun sözlərinə görə, Azərbaycandakı bir çox restoran, kafe, yeməkxanalarında menyu söhbəti yoxdur, ələlxüsus da bölgələrdə.
“Ofisiantlar gələn müştərini gözləri ilə “skan edirlər”, harada işləyir, maaşı nə qədərdir, konvertdə nə qədər alır, neçə faiz “otkatla” işləyir, əxlaqında ciddi problemləri olan bu qızlaraöz pulunu xərcləyir, yoxsa qayınatasının puluna yedizdirir? Dərhal beyinlərində növbəti qurbanın vergi deklarasiyasını doldururlar.
İnandırım sizi, bu ofisiantları vergi xidmətinə işə götürsələr, büdcənin gözləri bərələr axan pullardan.
Soruşanda da gileylənirlər ki, bizim başımız çıxmır, biz menyu tərtib edə bilmirik, bir ağlaşma düşür ki, qətvənin yeri məlum”.