İsmayıllı rayonu bayram tətili günlərində həm yerli, həm də xarici turistlərin dincəlmək üçün ən çox üstünlük verdiyi məkanlardan biridir. Xüsusilə Novruz bayramı günlərində, martın 21-dən etibarən rayona gələnlərin sayında kəskin artım proqnozlaşdırılır.
Mütəxəssislər İsmayıllının turizm potensialının tam gücü ilə fəaliyyət göstərəcəyini, qonaq axınının isə pik həddə çatacağını gözləyirlər. Belə ki, hazırda rayon mərkəzi ilə yanaşı, ucqar kəndlərdəki istirahət mərkəzlərində də yerlərin təxminən 90 faizi artıq bron edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən illərlə müqayisədə bu il rayondakı hotel, istirahət mərkəzləri və kənd evlərinə tələbat əhəmiyyətli dərəcədə artıb. Bu maraq həm paytaxta yaxın məsafə, həm də yol infrastrukturunun müasirləşdirilməsi ilə izah olunur. Gözləntilərə görə, bayram günlərində rayona turist axını daha çox olacaq.
Rayon mərkəzində fəaliyyət göstərən hotellərdə demək olar ki, bütün otaqlar əvvəlcədən sifariş olunub. Hotel direktoru Eşqin Musazadə bildirir ki, qonaqlara yalnız gecələmə deyil, həm də geniş spektrli xidmətlər təklif edilir: “Otaq qiymətlərimiz keçən ilə nisbətən bir az artıb. Keçən il 90–100 manata satdığımız otaqlar bu gün 110 manatdan başlayan qiymətlərlə təklif olunur. İki nəfərlik otağımız 110 manatdan başlayır. Digər xidmətlərdən istifadə edildikdə, – restoran və SPA xidmətləri, masaj və digər sahələr, – otaqlarda qiymət fərqi yarana bilir”.
İsmayıllının təbiəti ilə seçilən kəndlərindəki istirahət mərkəzlərində də yüksək doluluq müşahidə olunur. Menecer Vəfa Soltanova deyir ki, xüsusi bayram proqramları turistlərin marağını daha da artırır: “İki nəfərlik otaqlarımızın qiyməti 190 manatdır. Qiymətə səhər yeməyi, SPA xidməti, canlı musiqi və tonqal ətrafında əyləncə daxildir. Hotel otaqları ilə kotteclər arasında fərq var, kotteclərdə qiymətlər qonaq sayından asılı olaraq dəyişir. Belə ki, qonaq sayı iki nəfərdən başladıqda qiymət 250 manatdan müəyyən edilib. Həmçinin qeyd edim ki, hotelimizdə daimi qonaqlar üçün kampaniyalarımız və xüsusi paketlərimiz mövcuddur”.
Turist sayındakı artım kənd evlərinin kirayəsinə də təsir edib. Məsələn, Cülyan kəndində ailəvi istirahətə üstünlük verənlərin sayı xeyli çoxdur. Kənd sakini Ümid Bağırovun sözlərinə görə, müraciət edənlər əsasən 2-3 günlük qalmağa üstünlük verirlər. “Qiymətlərimizin dəyişməsi evlərin otaq sayına və adam sayına görə müəyyən olunur. Məsələn, 1–2 otaqlı evlər bayram ərəfələrində 60–100 manat arasında qədər dəyişir. Amma 3–4 otaqlı evlərimizdə adam sayı çox olduğuna görə qiymətlər ona uyğun olur. Məsələn, 3–4 otaqlı evlər bayram ərəfəsində 120–150 manat arasında təklif olunur”, - deyə o əlavə edib.
Qeyd edək ki, ilin bütün fəsillərində qonaqlı-qaralı olan İsmayıllının qədim Lahıc və Basqal qəsəbələri, eləcə də digər turistik kəndləri bayram günlərində regionun ən cəlbedici nöqtələrinə çevrilir. Bu da öz növbəsində, həm daxili turizmin inkişafına, həm də yerli əhalinin məşğulluğunun artmasına töhfə verir (Azertac).

















