Aprel ayının 7-dən etibarən AZAL və THY İstanbulun Atatürk aeroportlarına olan bütün reyslərini İstanbulun yeni aeroportuna etməyə başlayıb. Buna səbəb Atatürk aeroportunun bağlanmasıdır. Yeni aeroport İstanbulun Arnavutköy adlanan rayonunda yerləşir. Məşhur Taksim meydanından 44 km, Sultanahmed məscidindən 46 km aralıda yerləşir. Bu aeroport haqqında ən çox danışılan və narahat olunan məsələ nəqliyyat məsələsidir. Məsafə uzun olduğu üçün müddət də çoxdur. Gəlin baxaq görək aeroportdan şəhərə və geriyə necə getmək olar.
Eləcə də bax: AZAL Bakıdan Nyu-Yorka uçuşları - DAYANDIRMAQ İSTƏMƏDİ
Hazırda aeroporta avtobus reyslərini İETT (dövlət) və Havaİst (özəl) qurumları edir.
İETT avtobusları üç istiqamətə gedir və bir tərəfə bilet qiyməti iki tam bilet qiymətinə, yəni 5.2 TL (1.6 AZN) təşkil edir.
Hərəkət cədvəli isə aşağıdakı infoqrafikada göstərilib.
Havaİst avtobusları isə beş istiqamətə gedir. İstiqamətlər yuxarıdakı xəritədə göstərilib. Otellərin və turistik yerlərin ən çox olduğu Taksim meydanı və Sultanahmed bölgəsinə də məhz bu avtobuslar gedir. Bir gedişin qiyməti istiqamətdən asılı olaraq 18-21 TL (5.5 AZN) təşkil edir. Sultanahmed tərəfə getmək üçün Yenikapı avtobusunu seçmək lazımdır. Hər iki yerə aeroportdan təxmini 90-100 dəqiqə yolçuluq var.
Taksi ilə Taksim meydanı və Sultanahmed məscidinin yanına getmək 40-45 dəq çəkir və qiymət 100-140 TL (30-43 AZN) ətrafında olur. Yaxşı olar ki, öncədən razılaşasınız. Atatürk aeroportunun yeni aeroporta tam köçürülməsindən sonra yeni aeroportun kodu İST olacaq, hazırda isə İSL-dir.
Hələ ki yeni aeroporta metro xətti yoxdur, amma yeni 2019-cu ilin sonuna Gayrettepedən və 2020-ci ilin sonuna Halkalıdan metro çəkilişi gözlənilir.