Türkiyənin İstanbul şəhərində inşa olunan sayca 3-cü hava limanı bu il oktyabrın 29-da, yəni Türkiyə Cümhuriyyətinin elan edilməsinin 95-ci ildönümündə istifadəyə veriləcək.
FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə aeroportun inşasını həyata keçirən “Liman Holdinq”in İdarə Heyətinin sədri Nihad Özdəmir məlumat verib.
Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan isə bildirib ki, yeni hava limanı ilə bağlı işlərin 73%-i artıq görülüb. Onun sözlərinə görə, son 15 ildə ölkədə aeroportların sayı 26-dan 55-ə, hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı isə 34,5 mln. nəfərdən 180 mln. nəfərə çatdırılıb. 2018-ci ilin yekununda daşınan sərnişinlərin sayının 189 mln. nəfər olacağı gözlənilir.
İstanbulun 3-cü hava limanı isə 90 mln. nəfərə xidmət edəcək. Burada ilkin mərhələdə 100 min nəfərin, 2023-cü ildə isə 200-225 min nəfərin məşğulluğu təmin ediləcək. Aeroport ölkənin ümumi daxili məhsulunun formalaşmasında təxminən 5%-lik paya malik olacaq.
@report.az