Noyabrın 24-də Bakı Biznes Mərkəzində turizm və qonaqpərvərlik sahəsində ilk ixtisaslaşmış əmək yarmarkası təşkil edilib.
FED.az xəbər verir ki, açılışda “DAİR” Otellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi çıxış edərək əmək yarmarkası barədə məlumat verib. Bildirib ki, yarmarka assosiasiyasının təşəbbüsü, Dövlət Turizm Agentliyinin və Azərbaycan Hotellər Assosiasiyasının təşkilati dəstəyi ilə həyata keçirilir. Tədbirin tərəfdaşları qismində Azərbaycan Turizm və Menecment Universiteti, Qərbi Kaspi Universiteti, “Logix”, “Kaffadan”, “Xonca Kitchen”, “Nova.Net” şirkətləri çıxış edirlər.
Qeyd edib ki, layihə turizm və qonaqpərvərlik sənayesində əmək bazarı iştirakçılarının və təhsil müəssisələrinin işəgötürənlərlə daha çevik və səmərəli əlaqələrinin qurulmasına töhfə verən biznes platforması rolunu oynayır. Əmək yarmarkası işəgötürən şirkətlər üçün mövcud vakansiyaların elan edilməsi, əmək resurslarının ehtiyat bazasının yenilənməsi, vəzifə təlimatlarının, əmək şəraitinin, peşə standartlarının geniş kütləyə elan edilməsi və iş axtaranlarla birbaşa müsahibə keçirməyə şərait yaradacaq.
Yarmarkada turizm, qonaqpərvərlik və xidmət sahələrini təmsil edən 115 biznes subyekti tərəfindən 280-dən artıq vakansiya elan edildiyini deyən Samir Dübəndi bildirib ki, iştirakçılar sırasında “KFC”, “Saffron Restaurant Group”, “Gilan Hospitality”, “Absheron Hotel Group”, “145 Restaurant Group”, “JW Marriott Absheron Hotel”, “Hyatt Regency Baku Hotel”, “Four Seasons Hotel Baku”, “MyBrands”, “Pullman Hotel Baku”, “New Era Travel”, “Baku Hospitality Group”, “Rama Service” , “PASHA Travel” və digər şirkətlər təmsil olunurlar. S.Dübəndi tələbələrin, gənclərin əmək yarmarkasında özlərinə müvafiq iş tapacaqlarına ümidvar olduğunu ifadə edib.
Sonra tədbir iştirakçıları yarmarka ilə tanış olublar.