Xəbər verildiyi kimi, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbir əməliyyatlara – hava zərbələrinə başlayıb. Artıq bu əməliyyatlar nəticəsində İranın hərbi və dövlət obyektləri məhv edilib, eləcə də ali dini lider Əli Xameneyi də daxil olmaqla bir sıra rəhbərləri öldürülüb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, cavab olaraq İran tərəfi də İsrailə və regiondakı ABŞ bazalarına, eləcə də bu bazaların yerləşdiyi ölkələrə zərbələr endirməyə başlayıb.
Dünən İran ordusu raketlər və pilotsuz aparatlar vasitəsilə Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Səudiyyə Ərəbistanına zərbələr endirib. Zərbə endirilən ərazilər arasında azərbaycanlıların əsas səyahət yeri olan Dubay və Abu-Dabi də var.
Xüsusilə Dubayda İran bir neçə yerə zərbə endirib və İran Ordusunun bu günkü bəyanatını nəzərə alsaq, bu zərbələr qarşıdakı günlərdə də davam edə bilər.
1) Dubay Beynəlxalq Hava Limanı (Dubai International Airport — DXB)
İranın raket və pilotsuz aparatlarla atdığı zərbələr nəticəsində hava limanının terminal bölməsi ziyan görüb, 4 işçi yaralanıb və uçuşlar müvəqqəti dayandırılıb. → Bu, dünyanın ən məşhur hava qovşaqlarından biridir və həm Azərbaycan, həm də Avropa istiqamətləri üçün əsas tranzit nöqtəsidir.
2) "Burj Al Arab" oteli
İranın bu obyektə göndərdiyi raket və dronlar Dubayın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, amma qalıqların toxunduğu hissədə Burj Al Arabın xarici fasadında yanğın və yüngül ziyan meydana gəlib. Xatırladaq ki, «Burj Al Arab» oteli Dubayın ən məşhur oteli və əmirliyin simvollarından biridir. Buraya çoxlu sayda turist, o cümlədən azərbaycanlı ziyarətçilər gəlir.
3) Palm Jumeirah adası və "Fairmont The Palm" Hoteli
Dubayda ən məşhur turizm mərkəzlərindən biri olan Palm Jumeirah adasında yerləşən hotel ətrafında yanğın və partlayış hiss edilib. Rəsmi mənbələrə görə otelə birbaşa zərbə olub-olmadığı hələ təsdiqlənməyib, amma dörd nəfər yaralanıb və ərazi boşaldılıb. «Palm Jumeirah» adası da Dubayın simvollarından biri və daşınmaz əmlak bazarına əsas investisiya obyektlərindən biridir.
4) Jebel Ali limanı
İran tərəfi Dubayın logistika obyektlərinə də zərbələr endirib və bunlardan biri BƏƏ-nin əsas ticarət və yük transfer mərkəzi sayılan məşhur Jebel Ali limanına yönəlib. Amma buraya göndərilən raketlər də, rəsmi məlumata görə, göydə vurulub, sadəcə qalıqların düşməsi nəticəsində konteyner limanında kiçik yanğın baş verib. Bu liman BƏƏ-nin əsas ticarət və yük transfer mərkəzlərindən biridir.












