2025-ci ilin yanvar-iyun ayları üzrə hotel gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə bəzi rayonlarda dəfələrlə artaraq diqqəti cəlb edir.
FED.az Dövlət Statistika Komitəsinin açıqladığı rəqmlər əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, hotel gəlirlərindəki artım tempinə görə mütləq lider Neftçala rayonu olub. Ötən il cəmi 1 min manat gəlir əldə edən rayonun hotelləri bu il göstəricini 10 min manata çatdıraraq gəlirlərini təxminən 8,8 dəfə artırıb. Bu, ölkə üzrə ən yüksək artım göstəricisidir.
Siyahıda növbəti yeri tutan Qazax rayonu da böyük bir sıçrayış edib. Rayonun hotel gəlirləri 38 min manatdan 120 min manata yüksələrək 3,2 dəfə artıb. Ənənəvi turizm mərkəzlərindən olan Şamaxı rayonu isə gəlirlərini 1,6 milyon manatdan 4,4 milyon manata çatdıraraq 2,7 dəfəlik artıma nail olub. Bu, həm də mütləq rəqəmlərdə ən böyük artımlardan biridir.
Faizlə artım göstəriciləri ilə seçilən rayonlar arasında Yardımlı (98,8% artım) və Xızı (98,3% artım) da var ki, bu rayonların hər birində gəlirlər təxminən iki dəfəyə yaxın artıb.
Xüsusilə işğaldan azad edilmiş ərazilərdəki canlanma sevindiricidir. Şuşa rayonunun hotel gəlirləri ötən ilə nəzərən 63,3% artaraq 2,5 milyon manatdan 4,2 milyon manata yüksəlib. Ümumilikdə isə Qarabağ iqtisadi rayonu üzrə gəlirlər 56,5% artaraq 4,7 milyon manatı ötüb.
Bəzi rayonlarda hotel gəlirlərində kəskin artımlar qeydə alındığı halda, bir sıra bölgələrdə ötən ilin eyni dövrü ilə müqayisədə kəskin azalma müşahidə olunur.
Ən kəskin azalma Oğuz rayonunda yaşanıb. Ötən ilin ilk yarısında 93 min manat gəlir əldə edən rayon hotelləri bu il cəmi 2 min manat gəlir göstərə bilib. Bu, rayonun hotel gəlirlərinin faktiki olaraq dayanması deməkdir və cədvəldə 38,6 dəfəlik azalma kimi qeyd edilib.
Kəskin azalma ilə üzləşən digər bir rayon isə Ağcabədi olub. Rayonun hotel gəlirləri 309 min manatdan 118 min manata enərək 2,6 dəfə azalıb.
Faizlə ifadədə də ciddi itkilər nəzərə çarpır. Məsələn, Göyçay rayonunda hotel gəlirləri 42,7% azalaraq 56 min manatdan 32 min manata düşüb. Oxşar vəziyyət Balakən rayonunda da müşahidə edilir: burada gəlirlər 42,6% azalaraq 136 min manatdan 78 min manata enib.
Bu siyahıya gəlirləri 35,3% azalan Cəlilabad rayonunu da əlavə etmək olar. Rayonun hotel gəlirləri 72 min manatdan 46 min manata qədər geriləyib.