Regoinlarda yerləşən hotellərdə qiymətlər yay mövsümünə nisbətən ucuzlaşıb.
Eləcə də bax: Tətillərin bitməsi regionlarda hotel və restoran qiymətlərinə - NECƏ TƏSİR EDİB?
FED.az xəbər verir ki, bunu Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib.
Onun sözlərinə görə, həftəsonları hotellərdə qiymətlər 20-30 manat artır.
"Qiymət fərqi əsasən 5 ulduzlu hotellərdə qeydə alınır. 5 ulduzlu hotellərdə qiymət 150-210 manat arasındadır. Qiymətlər əsasən regionlardan və xidmətlərdən asılı olaraq dəyişir. Payız mövsümü turizm destinasiyaları üçün zəif mövsüm sayılır. Bu səbəbdən də qiymətlər nisbətən ucuzlaşır. Bizə hotellərdə olan qiymətlərlə bağlı çoxlu şikayətlər daxil olur. Qiymətləri düzgün tənzimləmək üçün müşahidə və mübarizə aparırıq. Lakin iqtisadi tərəfdən götürsək, təklif tələbə uyğun formalaşır", - icraçı direktor deyib.
O qeyd edib ki, qiymətlərin bahalığından əsasən yerli vətəndaşlar şikayətlənir.
"Azərbaycanı regionda digər turizm destinasiyaları ilə müqayisə etsək qiymətlər ucuz deyil. Ölkəmizə daha çox turist cəlb etmək istəyiriksə, alternativ qiymətlər də təklif etməliyik. Bunun üçün ilk növbədə sağlam rəqabət şəraiti olmalıdır. Turizm üçün bank faizlərinin aşağı salınması, müxtəlif imtiyazlı kreditlərin verilməsi yaxşı olardı",- deyə S. Dübəndi bildirib. (Trend)