Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tətillər və keçirilən şənliklər Azərbaycanın hotellərində böyük sıxlığa səbəb olub. FED.az Seyyah.az-a istinadən xəbər verir ki, xüsusilə turizm məkanları kimi tanınan bölgələrdə hotellərdə turistlər üçün yer qalmayıb.
Belə bölgələrdən iri də Qəbələdir. Rayonun müxtəlif məkanlarda təşkil olunan bayram tədbirlərinə rayon sakinləri, eləcə də yerli və xarici turistlər böyük maraq göstərib.
Bayramla əlaqədar ötən 3 gündə Qəbələnin bütün otelləri, istirahət və əyləncə mərkəzləri turistlərlə dolu olub. “Qafqaz Resorte”, “Qafqaz Riverside”, “Qafqaz Karvansaray”, “Qafqaz Yengicə Termal Hotel və SPA” və “Qafqaz Sport”, “Qəbələ City” və “Yeddi Gözəl” otellərində yer qalmayıb. Nəticədə qonaqlar otellərlə yanaşı, kirayə verilən kənd evlərində və kotteclərdə yerləşiblər.
Ən ucuz otaq 150 manat olub
“Qafqaz Karvansaray” otelinin direktoru Süleyman Məmmədov bildirib ki, bayramla əlaqədar hazırda otelin bütün otaqları doludur. Əsasən Bakıdan və digər bölgələrdən gələn yerli qonaqlar üstünlük təşkil edir. Bundan əlavə Yeni ili Qəbələdə qarşılamaq üçün Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlər də çoxdur. Oteldə xidmətlərə və otaqlara görə qiymətlər fərqlidir. Beşulduzlu oteldə müştərilərə bir gün üçün təqdim olunan ən ucuz iki nəfərlik otağın qiyməti 150 manatdır.
Turistlər üçün balıq qonaqlığı
Qəbələyə gələn turistlərin ən çox üz tutduğu yerlərdən biri də “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzidir. Hər gün 1000-dən çox qonağı qəbul edən bu turizm obyektinə bayram günlərində gələnlərin sayı iki dəfə artıb. Mərkəzin məsul işçisi Sadiq Həmidov bildirib ki, bayramla əlaqədar parkın ərazisi bəzədilib, eləcə də, burada Gilan Holdinq”in məhsullarından ibarət sərgilər və satış yarmarkaları açılıb, qədim Qəbələ şəhərinin ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən maraqlı eksponatların oxşarları yerli sənətkarlar tərəfindən hazırlanaraq satışı təşkil edilir. Bayramla əlaqədar süni buz meydançası turistlərin ixtiyarına verilib. İlk dəfə olaraq mərkəzin ərazisindəki böyük süni hovuzda balıqların yetişdirilməsinə başlanılıb. Ərazidə eyni vaxtda 250 qonağa balıq yeməkləri təqdim etmək üçün müasir səviyyədə qurulan “Caspian Balıq Evi” fəaliyyətə başlayıb. Orada yetişdirilən qiymətli balıqlardan hazırlanan yemək və salatlar qonaqlara təqdim edilir.
Həmçinin, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Stend və Ox Atıcılığı Kompleksi də bayram günlərində ən çox qonaq qəbul edən turizm obyektlərindən olub. Qonaqlar kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr edirlər, xatirə şəkili çəkdirirlər. Həmçinin, turistlər 2 min metr yüksəklikdə fəaliyyət göstərən otel və restoran xidmətlərindən bəhrələnirlər. Güllə atıcılığına marağı olan turistlər Stend və Ox Atıcılığı Kompleksinə gedərək orada tapança, tüfəngdən müxtəlif məsafələrə atəş açır, oxla hədəfi vurmaqla əylənirlər.
Bakı sakini: Qəbələdə istirahət xaricdən ucuzdur
Bakı şəhər sakini olan turist Elnur Hacıyev istirahət etmək üçün indiki vaxtda xarici ölkələrə getməyə ehtiyac olmadığını, Qəbələdə ucuz qiymətə dincəlmək və əylənmək üçün hər cür şərait yaradıldığını bildirib. “Mən ildə bir neçə dəfə ailə üzvlərimlə birgə dincəlmək üçün Qəbələyə gəlirəm. Buranın havası çox təmiz, təbiəti gözəl, insanları qonaqpərvərdir. Qəbələdə olarkən rayonun qədim tarixi məkanlarına səfər etmişəm, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində kanat və xizək xidmətlərindən istifadə etmişəm, Nohur gölündə qayıqla gəzintiyə çıxmışam. Qəbələyə məxsus daşarası kababı və təndirdə bişirilən quzu əti ən çox sevdiyim yeməklərdəndir”.
Kənd evləri 20-30 manat olub
Qəbələyə ailəvi gələn və bir neçə gün rayonda qalıb dincəlmək istəyən turistlər əsasən meşə və çay kənarındakı kotteclərdə və kirayə verilən kənd evlərində istirahət etməyə üstünlük verirlər. Bir gün üçün ötən il 40 manat, bu il isə 20-30 manat ödəməklə kirayə götürülən kənd evlərində 4 nəfərlik bir ailə rahat şəkildə qalıb istirahət edə bilir. Rayonun dağlıq və meşəlik ərazilərində yerləşən Vəndam, Nohurqışlaq, Duruca, Qəmərvan, Bum və Bunud kəndlərindəki evlərin təxminən yarısı kirayə verilir ki, bu da yerli əhalinin dolanışıq şəraitinin yaxşılaşmasına səbəb olur. Həmçinin, turistlər rayonda istirahət etməklə yanaşı, Qəbələnin qədim tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə də yaxından tanış olmaq imkanı əldə edirlər.
Rusiya və İran turistləri sevinir
Rusiya vətəndaşı Sergey Maqomedov müsahibəsində Qəbələdə dincəlməyin ona xüsusi zövq verdiyini deyib. O, Azərbaycana ilk dəfə səfər etdiyini, Bakıdan sonra istirahət üçün Qəbələyə gəldiyinə görə çox sevindiyini bildirib.
İranlı turist Ali Fətollahzade təəssüratlarını bölüşərək deyib: “Qəbələnin təbiəti çox gözəldir, burada istirahət üçün hər cür şərait yaradılıb. “Qafqaz Karvansaray” otelində və başqa istirahət mərkəzlərindəki infrastruktur, qonaqlara göstərilən xidmətin səviyyəsi ürəyimcədi. Meşə gəzintisinə çıxmaqdan və təbiət qoynunda şəkil çəkdirməkdən zövq alıram. Dostlarımla bura yenə qayıdacam”.
Dubaydan Azərbaycana istirahətə gəlib
Birləşmiş Ərəb Əmirliklərindən olan turist Ahli Muhammed ailə üzvləri və yaxın qohumları ilə birgə Azərbaycana ilk dəfə gəldiyini, Şəki və Qəbələni çox bəyəndiyini, insanların mehriban və qonaqpərvər, təbiətin çox gözəl olduğunu bildirib. “Biz Dubaydan bura turizm şirkəti ilə 8 nəfər gəlmişik. Üç gündür ki, Qəbələdə dincəlirik. Burada özümüzü qərib hiss etmirik. Hamı bizə isti münasibət göstərir, xidmətlərə görə qiymətlər də yaxşıdır”.
4 min turist gəlib 2 min də gələcək
Qeyd edək ki, bayram tətili günlərində Qəbələyə 4 mindən çox turist gəlib. Qarşıdakı 3 gündə daha 2 min qonağın gəlişi gözlənilir. Məlumat üçün bildirək ki, hazırda rayonda 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən 20-si beş, dörd və üçulduzlu otellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 3500 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. Cari ilin 12 ayı ərzində Qəbələyə 242 min 125 turist gəlib. Bunun 101 min 650-si yerli, 140 min 160 nəfəri isə əcnəbi turistlərdi.
Hotellərdə 3 gün yer olmayıb – TURİSTLƏR KƏND EVLƏRİNDƏ
19:41
2 Yan 2018