Azərbaycanda otel sahibləri, otel idarəçiliyi və turiz fəaliyyəti ilə məşğul olan sahibkarlar banklardan cəlb etdikləri kreditərin qaytarılmasında çətinliklərlə üzləşiblər.
FED.az xəbər verir ki bu barədə sahibkarların Prezident İlham Əliyevə müraciətində bildirilir.
İş adamları bildirir ki, pandemiya səbəbindən turist axınının dayanması və otellərin fəaliyyətinə tətbiq edilən məhdudiyyətlər onların gəlirlərinin kəskin azalmasına səbəb olub. Nəticədə vaxtidlə biznesin inkişafı üçün banklardan götürülən kreditlərin qaytarılmasında çətinlik yaranıb.
İş adamları bildirir ki, yaranmış vəziyyətlə bağlı indiyədək bir sıra dövlət qurumlarına, o cümlədən Mərkəzi Bank və İqtisadiyyat Nazirliyinə müraciət etsələr də məsələ həllini tapmayıb. Banklar isə kreditləri geri qaytarılmasını tələb edirlər.
Bununla əlaqədar olaraq iş adamları prezident İlham Əliyevə müraciət edərək ondan bu məsələyə müdaxilə etməyi, otel sənayesi üçün güzəştlərin müddətinin 2022-ci ilin martınadək uzatmağı xahiş ediblər.
FED.az turizm sənayesi təmsilçiləri və otel sahiblərinin Azərbaycan Prezidenti İlham Əliyevə müraciətini təqdim edir:
COVİD-19 virusunun yayılması ilə bağlı yaranmış pandemiya şəraitindən ziyan çəkmiş və kredit borclarının ödənilməsində çətinliklərlə qarşılaşan turizm sənayesinin nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
MÜRACİƏTİ
Möhtərəm Cənab Prezident!
COVİD-19 pandemiyasından bütün dünyada iqtisadiyyatın bir çox sahələri ciddi ziyan çəkmişdir. Bunların arasında dünya turizm sektoru da ən çox ziyan çəkmiş sahələrdən olmuşdur. Qeyd olunan bu problem ölkəmizdə fəaliyyət göstərən və əsasən gəlmə turizmlə məşğul olan turizm şirkətləri və mehmanxanalara ciddi maddi sıxıntı və problemlər yaratmışdır. Ölkəmizin turizm bazarının formalaşmasında illərdi fəaliyyət göstərən, çox saylı əcnəbi turistləri ölkəyə gətirilməsində böyük işlər görmüş turizm şirkətləri və mehmanxanalar pandemiya səbəbindən fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalıb. Bu halın davam etməsi artıq bir çox turizm mütəxəssisinin işini itirmələrinə səbəb olmuşdur.
Hörmətli cənab prezident!
Turizm sahəsində çalışan sahibkarlar Sizin turizm sahəsinə diqqət və qayğınızı hər zaman hiss etmişik. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun başlıca prioritet istiqaməti kimi turizmin inkişaf etdirilməsi üçün tərəfinizdən çoxsaylı sərəncam və tapşırıqların nəticəsi olaraq Azərbaycan turizminə öz müsbət təsirini göstərmişdir. Biz turizm sənayesinin iştirakçıları ölkəmizin turizm potensialının tanıdılması və regionun əsas turizm istiqamətinə çevrilməsi üçün böyük səylə fəaliyyət göstərmiş, şirkət hesabına reklam və market xərcləri etmişik. Bu xərclərin qarşılanması və şirkət və mehmanxanaların pandemiya dövründə iş yerlərinin saxlanılması üçün əmək haqqı xərclərinin, icarə haqlarının və digər xərclərin qarşılanması üçün pandemiyadan qabaq və pandemiya dövründə banklarda müəyyən kreditlər götürmüşdür. Mövcud vəziyyətlə əlaqədar 2020-ci ilin mart ayından başlayaraq bu sahədə çalışan sahibkarların gəliri faktiki sıfıra bərabər olduğu üçün banklardan götürülmüş kreditlərin ödənilməsində böyük çətinliklər yaranmışdır.
Qeyd olunan problemlərlə bağlı bu sahəyə nəzarət edən qurumlara bir ildən çoxdur ki, müraciətlər ünvanlayaraq vəziyyətdən çıxış yolları ilə bağlı müvafiq köməklik göstərilməsini xahiş etmişik. Lakin, böyük təəssüf hissi ilə bildirmək istəyirik ki, İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi, Banklar Assosiasiyası, Mərkəzi bank, Sahibkarlıq Konfederasiyası kimi dövlət qurumları çoxsaylı müraciətlərimiz olsa da bu günə qədər bu məsələ ilə bağlı heç bir addım atılmamışdır (müraciətlər və cavablar əlavə edilir). Əlavə olaraq bu məsələnin kredit verən Bank və müştəri ilə bağlanmış müqavilə əsasında olduğu üçün banklarla danışıb həll etməyimiz tövsiyə edirlər. Banklar öz növbəsində ödənişləri tələb edir və artıq sahibkarların məhkəməyə verilməsi məsələsi başlanılıb.
Hörmətli Cənab Prezident,
Yuxarıda qeyd etdiyimiz məsələlərin həllində hər zaman olduğu kimi biz turizm sənayesinin nümayəndələri Sizin diqqət və qayğınıza güvənərək üzləşdiyimiz problemlərin həlli üçün aşağıda qeyd etdiyimiz xahişi nəzərə alınacağına çox böyük ümüd bəsləyirik.
Qeyd etmək istəyirik ki, sahibkarlar olaraq tərəfimizdən götürülmüş kreditlərin ödənilməsindən boyun qaçırmırıq və pandemiya vəziyyəti bitdikdən sonra turizm sənayesinin fəaliyyəti bərpa edildikdə öhdəliyimizdə olan borcların ödənilməsini qrafikə uyğun yerinə yetirəcəyik. Bu məsələ ilə bağlı pandemiyadan zərərçəkmiş sahibkarlara dəstək üçün tərəfinizdən imzalanmış 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamında qeyd edilən 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayınadək kreditlərin subsidiyalaşması məsələsinin icra edilməsini və 2022-ci ilin mart ayınadək kredit tətilinin verilməsi məsələsi ilə bağlı köməklik göstərilməsini Sizdən xahiş edirik.
Müraciəti imzalayanlar
- Məmmədov Sübhan Zakir oğlu
- Aşirov Ceyhun Qurban oğlu
- İbrahimov Pərviz Rza Oğlu
- Xankişiyev Oktay İfəndiyar oğlu
- İbrahimov Seyran Süleyman oğlu
- Quliyev Tərlan Möhübbət oğlu
- Əbilov İlqar Böyukağa oğlu
- İbadov Ruslan Ənvər
- Anar Salmanov
- Həsənov Nizami Hüseyn oğlu