Gəncənin Hacıkənd qəsəbəsi və Göygöl rayonunun Bənövşəli kəndinin ərazisində 23 hektara yaxın ərazidə böyük istirahət mərkəzi inşa edilir.
FED.az =xəbər verir ki, avqustun 20-də prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva «Hacıkənd» İstirahət Kompleksinin tikintisi ilə tanış olublar.
Prezidentin İşlər müdiri Ramin Quluzadə kompleksdə görülən işlər barədə məlumat verib.
Bildirilib ki, 23 hektara yaxın sahəsi olan kompleks eyni vaxtda 452 qonağı qəbul edə biləcək. Burada müxtəlif kateqoriyalı hotel 133 nömrəsi, 19 birmərtəbəli standart və 10 ikimərtəbəli VIP kottec olacaq.
«Hacıkənd» İstirahət Kompleksində füsunkar təbiət mənzərələri ilə yanaşı, milli və beynəlxalq mətbəxi təqdim edən restoran və kafelər fəaliyyət göstərəcək. Burada qonaqlara istirahətlə yanaşı, sağlamlıq imkanları, o cümlədən qapalı hovuz, ənənəvi SPA xidmətləri, müasir idman avadanlıqları ilə təchiz olunmuş fitnes zalı və sair olacaq.
Kompleksdə istirahətin daha əyləncəli keçməsi üçün karaoke, masaüstü oyunlar otağı və uşaqlar üçün rəngarəng xüsusi zonalar, eləcə də ərazidə futbol və basketbol meydançaları, yürüş zolaqları nəzərdə tutulur.
Eyni zamanda, «Hacıkənd» İstirahət Kompleksində işgüzar görüşlər, konfranslar və müxtəlif təyinatlı tədbirlərin təşkili üçün müasir texniki avadanlıqla təchiz ediləcək teatral üslubda 90 nəfərlik konfrans zalı yaradılacaq.
Kompleks fəaliyyətə başladıqdan sonra burada ümumilikdə 300-ə yaxın iş yerinin açılması nəzərdə tutulur.
Yeni istirahət mərkəzinin istifadəyə verilməsinin bölgədə turizm potensialının möhkəmlənməsinə, məşğulluğun artırılmasına, ümumilikdə sosial-iqtisadi inkişafa töhfə verməsi gözlənilir.