Gürcüstanın “Geosky” aviaşirkətinin törəməsi olan “Georgian Wings” loukosteri Tbilisi-Bakı-Tbilisi istiqamətində uçuşların sayını həftədə beş dəfəyə çatdırıb.
Gürcüstan turizmdən milyardlar qazanır – BİR İLDƏ 7 MİLYONA YAXIN TURİST
FED.az bu barədə aviaşirkətə istinadən xəbər verir.
Məlumatda qeyd edilib ki, yeni cədvələ əsasən, reyslər hər bazar ertəsi, çərşənbə, cümə, şənbə və bazar günləri “ATR-72-500” təyyarələri ilə həyata keçiriləcək.
“Uçuş cədvəli aviaşirkətimiz tərəfindən həyata keçirilən Tbilisi-Batumi-Tbilisi daxili reyslərin cədvəlinə uyğunlaşdırılıb ki, bu, sərnişinə Tbilisi hava limanından tranzit kimi istifadə etmək üçün əlavə imkan yaradır”, - məlumatda deyilir.
Xatırladaq ki, sentyabrın 6-dan aviaşirkət Tbilisi-Bakı-Tbilisi marşrutu üzrə fəaliyyətə başlayıb. Uçuşlar həftədə üç dəfə, hər çərşənbə, cümə və bazar günləri həyata keçirilirdi.
Qeyd edək ki, Tbilisi-Batumi-Tbilisi marşrutu üzrə həftədə 12 reys həyata keçirən “Georgian Wings” 70 sərnişin üçün nəzərdə tutulmuş daha bir İtaliya-Fransa istehsalı olan ATR-72 təyyarəsini əlavə edib. Aviaparkın böyüməsi aviaşirkətə daxili regional reyslərdən əlavə sərnişinlərə yeni istiqamətlər və əlavə reyslər təklif etməyə imkan verir. (Report)