Gürcüstanın bütün Avropada, o cümlədən Azərbaycanda da məşhur olan qış kurortlarında evlərin qiymətləri və burada alınıb-satılan evlərin sayı məlum olub.
Gürcüstan turizmdən milyardlar qazanır – BİR İLDƏ 7 MİLYONA YAXIN TURİST
FED.az xəbər verir ki, «Galt & Taggart» investisiya şirkətinin araşdırmasına görə, Bakurianidə 2023-cü ilin üçüncü rübündə mənzillərə tələb 2022-ci ilin eyni göstəriciləri ilə müqayisədə 34,9%, Qudauridə isə 14,8% azalıb.
Belə ki, şirkətdən verilən məlumata görə, 2023-cü il iyulun 1-dən sentyabrın 30-dək Bakurianidə 233, Qudauridə isə 98 mənzil satılıb.
Eyni zamanda, 2023-cü ilin ikinci rübü ilə müqayisədə Bakurianidə mənzil satışının həcmi 11,5%, Qudauridə isə 30,7% artıb.
G&T-nin məlumatına görə, Bakurianidə satışın ən böyük payı kiçik və orta ölçülü mənzillərin (26-80 m2) payına düşür ki, onun hər kvadratmetrinin qiyməti 801 dollar - 1,2 min dollardır.
Qudauriyə gəlincə, orada kiçik mənzillərə (26-50 m2) tələbat var. Bir kvadratmetrin qiyməti 1,2-1,8 min dollardır.
2023-cü ilin üçüncü rübündə Bakurianidə daşınmaz əmlak bazarı illik müqayisədə 32,2% azalaraq 10,2 milyon dollar təşkil edib. Lakin Qudauridə daşınmaz əmlak bazarının göstəriciləri il ərzində 6,6% azalaraq 4,8 milyon dollar təşkil edib.