Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlar həyata keçirən xarici aviaşirkətlərin sırasına Gürcüstanın “Georgian Wings” aviadaşıyıcısı da əlavə olunur.
Gürcüstana gedən hər Azərbaycan turisti təxminən - 550 DOLLAR PUL XƏRCLƏYİR
FED.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, bununla da Bakıdan uçuşlar yerinə yetirilən populyar istiqamətlərdə yalnız bir aviaşirkətin xidmət göstərdiyi marşrut qalmayacaq.
Gürcüstan aviadaşıyıcısının Tbilisi-Bakı marşrutu üzrə ilk reysi sentyabrın 6-da həyata keçəcək. Aviaşirkət 72 nəfər üçün nəzərdə tutulmuş ATR72-500 təyyarəsi ilə Tbilisi-Bakı-Tbilisi marşrutu üzrə həftədə 3 dəfə olmaqla (çərşənbə, cümə və bazar günləri) müntəzəm uçuşlar yerinə yetirəcək. Vergilər və təyyarədə yemək təklifi daxil olmaqla, biletin başlanğıc qiyməti 89 avrodur (Cari məzənnə ilə 162 manat).
“Georgian Wings”in Bakıdan başqa, Gəncəyə də xidmətlərini genişləndirmək planları var. Aviaşirkət Tbilisi-Bakı-Tbilisi və Tbilisi-Gəncə-Tbilisi marşrutlarını müntəzəm olaraq həftədə yeddi reys yerinə yetirmək üçün lazımi icazələri artıq əldə edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə bu il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlar həyata keçirən xarici aviaşirkətlərin sırasına “WizzAir Malta”, “Flyadeal”, “Air Cairo”, “Georgian Wings”kimi aşağıbüdcəli aviadaşıyıcılar əlavə olunub. Dövlət Mülki Aviasiya Agentliyinin bu istiqamətdə gördüyü işlər nəticəsində müvafiq xarici aşağıbüdcəli aviaşirkətlərin sayı 16-ya çatdırılıb.