Bakıda sayca 4-cü dəfə keçirilən Formula 1 yarışı növbəti dəfə beynəlxalq və yerli azarkeşlər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, paytaxtın mərkəzi küçələrində uğurla baş tutmuş Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışı çərçivəsində 4 gün boyunca yarış sessiyalarını yerində canlı izləməyə və həmçinin həftəsonunda Kristal Zalda dünya ulduzlarının iştirakı ilə keçirilən axşam konsertlərinə ümumilikdə 85 min tamaşaçı gəlib.
Bu il ötən ilki qədər bilet satılıb. Xaricdən alınan biletlərin nisbəti 22 % təşkil edib. Ötən illə müqayisədə bu il yarış həftəsonu ərzində yarış məkanına gələnlərin sayında bir qədər azalma müşahidə olunub. Buna səbəb əvvəlcədən iştirakı nəzərdə tutulan britaniyalı ulduz Sem Smitin yarışa çox az vaxtın qaldığı bir ərəfədə xəstələndiyi üçün Bakı konsertini ləğv etməsi olub.
Çoxsayda xarici azarkeşin rəğbət göstərdiyi yarışda qalibiyyətə Mercedes komandasının pilotu Valteri Bottas yiyələnib. Onu komanda yoldaşı Luis Hamilton və Ferrari sürücüsü Sebastian Fettel ardıcıllıqla izləyiblər. Bottasın zəfər sevinci ötən il yarışın sonuncu dövrələrində qələbəyə gedərkən yaşadığı uğursuz qəzanın verdiyi kədəri tamamilə unutdurub. Onun qələbəsi tirbunalarda əyləşən minlərlə azarkeş tərəfindən böyük çoşğu ilə qarşılanıb.
Yarışı izləməyə 74 ölkədən azarkeş gəlib. Bu ölkələr arasında Rusiya, Birləşmiş Krallıq, Avstriya, Niderland və Gürcüstandan xüsusilə fərqlənib.
Bakı Şəhər Halqasının Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim yarışı izləməyə gələnlərin statistik göstəriciləri ilə bağlı bildirib: “Son 4 il ərzində Azərbaycanda Formula 1 yarış həftəsonunun möhtəşəm şəkildə keçirilməsində böyük irəliləyiş əldə etmişik. Avropadan gələn azarkeşlərin sayının artması ilə əsas Formula 1 izləyicilərinin Bakını seçməsi bizi xüsusilə sevindirir. Buna misal olaraq, yarışı izləmək üçün ölkəyə səfər edənlərin sayında 41 % artımla Birləşmiş Krallığı, 28 % -lə Avstriyanı və 26 %-lə Nidelandı göstərə bilərik. Bundan başqa, Çin və Türkiyədən gələnlərin sayında da müvafiq olaraq 22 % və 11 % artım qeydə alınıb. Tribuna biletlərinin hamısı satılıb və cümə günü axşam konsertinin olmamasına və həmçinin şənbə günkü Sem Smitin çıxışının son anda ləğv olunmasına baxmayaraq ümumilikdə bilet satışı 2018-ci ildəkinə bərabər olub. Xüsusən gənclər arasında yarışa maraq ilbəil artır və nəticədə hər ötən il yerli azarkeşlərin sıraları daha da genişlənir. Bu, bizi yüksək səviyyədə həvəsləndirir. Düşünürəm ki, hal-hazırda tutduğumuz mövqe olduqca güclüdür və 2020-ci ildə də azarkeşlər üçün daha bir möhtəşəm Formula 1 yarış həftəsonu keçirmək üçün əlimizdən gələni edəcəyik.”
Builki yarış son iki yarış qədər dramatik anlara səhnə olmasa da, Formula 1 azarkeşləri həyəcan dolu anlarla yadda qalan sıralanma turundan və Formula 2 yarışlarından böyük zövq alıblar.
Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 tamaşaçıların zövqünə uyğun təklif etdiyi zəngin məzmunlu müxtəlif əyləncə proqramı ilə də Formula 1 sevərlərin könüllərini fəth edib. Yarış həftəsonunda dünya musiqisinin məşhur iki ulduzu axşam saatlarında Kristal Zalda səhnəyə çıxaraq azarkeşlərə möhtəşəm əyləncə şousu təqdim edib. Şənbə günü sıralanma turundan sonra keçirilən konsertdə Cessi Cey ən çox sevilən mahnılarını ifa edib, bazar günü isə Kardi B möhtəşəm performansı ilə yarış həftəsonunun bağlanış konsertinə öz damğasını vurub.
Bundan başqa, bu il ilk dəfə olaraq BŞH-nin təşkilatçılığı ilə yarış həftəsonu ərzində “Bakı Şəhərinin Sədaları” adı altında gecə əyləncə proqramları təşkil olunub. “Elektra Events Hall”-da keçirilmiş bu proqramlarda dünyaca məşhur DJ-lər çıxış ediblər. Aprelin 26-da səhnəyə Ciqan və Mahmut Orhan, 27-də Robin Şulz və 28-də “Lost Frequencies” çıxıb. Biletləri Formula 1 yarışlarından ayrıca satılan bu əyləncə proqramlarında Bakıya Azərbaycan Qran Prisini izləməyə gələn yüzlərlə xarici avtoidman azarkeşi ilə yanaşı çox sayda paytaxt sakini də iştirak edib.