“Formula 1” üzrə Azərbaycan Qran-prisinin müqaviləsinin müddəti uzadılır.
FED.az xəbər verir ki, bu barədə Bakı Şəhər Əməliyyatı Şirkətindən məlumat verilib.
Yeni anlaşmaya əsasən, ölkəmizdəki yarış 2030-cu ilədək davam edəcək.
Xatırladaq ki, "Formula 1" yarışları Azərbaycanda 2016-cı ildən təşkil olunur. Hökumət "Formula 1" yarışlarına Azərbaycanda turizmin inkişafı, ölkənin turizm imkanları və mədəniyyətini xarici ictimaiyyətə və turizm sektoruna tanıdılması istiqamətlərindən biri kimi baxır.
Eyni zamanda "Formula 1" yarışlarının keçirilməsi Azərbaycanın iri beynəlxalq tədbirlərin keçiirlməsi üçün əlverişli və etibarlı məkan kimi imicini möhkəmlətməlidir.
"Formula 1" yarışlarından digər əsas gözlənti yarışların iqtisadi faydalarıdır. Yarışların təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat şirkətinin məlumatına görə, "Formula 1" Azərbaycanın turizm industriyasına böyük gəlirlər gətirir. «Belə ki, yarış günlərində Bakıya minlərlə turist gəlir ki, bu da hotel, restoran, nəqliyyat və digər xidmət sahələrində iqtisadi canlanma yaradır. Məsələn, ötən il bilet alan tamaşaçıların 77%-i xarici turist olub. Artan maraq səbəbi ilə bu il iki yeni tribuna əlavə edilib və beləliklə ümumi tribuna sayı 12-yə çatdırılıb».
Bu il keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisini tribunadan izləyən 20 mindən çox azarkeşin 13 mini xarici turist olub. Şirkət bu turistlərin «Formula 1» dövründə ölkədə ciddi vəsaitlər xərclədiyini bildirir. Belə ki, rəsmi statistikaya görə, hər bir turist ölkəmizdə orta hesabla 5 gecə qalır və bu müddət ərzində 2 200 dollardan çox vəsait xərcləyir. Söhbət təkcə hoteldən deyil, restoran və sair sahələrdən gedir. «Bu isə ən minimal hesablamalara görə, yalnız xarici qonaqların Azərbaycan iqtisadiyyatına 30 milyon dollardan artıq vəsait qoyması deməkdir».
Şirkətdən bildirirlər ki, «Formula-1» Azərbaycana Avropa turisti gətirən əsas hadisələrdəndir, ümumilikdə bu il «Formula-1»i Bakıda izləmək üçün 100 ölkədən turistin gələcəyi gözlənilirdi: «Ən çox tamaşaçı Avropa ölkələrindən gəlir – xüsusilə Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, İspaniya və Niderlanddan. Bununla yanaşı, qonşu ölkələrdən – Türkiyə və Gürcüstandan, eləcə də Yaxın Şərqdən də çox sayda azarkeş yarışları izləmək üçün Bakıya səfər edir. Ümumilikdə isə artıq 100-dən çox xarici ölkəyə bilet satılıb ki, bu da yarışın qlobal miqyasda necə böyük diqqət topladığını göstərir».