Azərbaycana turist axını yenidən bərpa olunur. FED.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar ayında Azərbaycana dünyanın 128 ölkəsindən 74 min nəfər və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox turist gəlib.
Gələnlərin 35,3 faizi Rusiya, 24,1 faizi Türkiyə, 12,9 faizi İran, 5,6 faizi Gürcüstan, 4,1 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Ukrayna, hər birindən 1,1 faiz olmaqla Böyük Britaniya və Küveyt, 0,9 faizi Qazaxıstan, 0,8 faizi Oman, hər birindən 0,6 faiz olmaqla Almaniya, ABŞ və Hindistan, hər birindən 0,5 faiz olmaqla Belarus və İsrail, 6,6 faizi digər ölkələrin vətəndaşları olub. Ölkəyə gələn turistlərin 81,2 faizini kişilər, 18,8 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 651,3 dəfə, Səudiyyə Ərəbistanından - 438,9 dəfə, Küveytdən - 104,8 dəfə, Hindistandan - 8,9 dəfə, Pakistandan - 8,5 dəfə, İsraildən - 7,1 dəfə, ABŞ-dan - 3 dəfə, Qazaxıstandan - 2,7 dəfə, Rusiyadan - 2,1 dəfə, Ukrayna, İran və Fransanqın hər birindən 2 dəfə, Türkiyədən - 1,7 dəfə, Böyük Britaniyadan - 1,5 dəfə artıb. Yalnız Gürcüstandan gələnlərin sayı 3 faiz azalıb.
2021-ci ilin yanvar ayı ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,4 dəfə artaraq 16,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 2,0 dəfə artaraq 29,5 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,7 dəfə artaraq 2,8 min nəfər olub.