Ölkədə fəaliyyət göstərən turizm şirkətləri əsasən xarici tur xidməti təklif edir. Azərbaycandaxili tur təklif edən şirkətlər isə bir o qədər də çox deyil. Təklif olunan tur qiymətləri əsasən tur müddətindən və hotelin ulduzundan asılı olaraq dəyişir.
FED.az turizm mövsümünün başlaması ilə əlaqədar olaraq və ən məşhur daxili turların Qəbələ, Şəki və Quba istiqamətində olduğunu nəzərə alaraq turizm şirkətlərinin təklif etdiyi tur-paketlərin qiymətini öyrənib.
Məktəblilər üçün 9 manata turlar
Seyyah.az məktəblilər üçün 1günlük Qobuland turu təşkil edir.Turun qiyməti 16 manatdır. Bu qiymətə nəqliyyat, səhər yeməyi, axşam çay süfrəsi, bələdçi və fotosessiya daxildir. Məktəblilər kompleksin ərazisində və oyun meydançalarında maraqlı vaxt keçirə bilər. Eyni zamanda məktəblilər üçün nəzərdə tutulmuş turlar Qobustan – 9 manat, Qala etnoqrafiya – 9 manat, Yanardağ – 9 manat, Quba – 19 manat, İsmayıllı Lahıc – 21 manat, Şəki-Qəbələ – 23manat var. Bu qiymətə isə nəqliyyat, səhər yeməyi(yalniz rayon turlarında), fotosessiya, çay süfrəsi və muzeylərə giriş bileti daxildir. Qrup şəklində minimum 18 nəfər olmalıdır. Təşkilatçının turda iştirakı ödənişsizdir.
20 manata Quba turu
“AVA Tour” turizm şirkətində ölkədaxili turlar 1 və 2 günlük təşkil olunur. Şirkətdən verilən məlumata görə, burada 1 günlük Qəbələ turu 21 manata, Quba turu 20 manata, Şəki turu isə 23 manata başa gəlir. 2 günlük turlarda isə qiymətlər bir qədər qabarıqdır. Belə ki, 2 günlük Şəki-Qəbələ turu 75 manata, Quba turu isə 49 manatadır. Bildirilir ki, bu qiymətlərə, ancaq səhər yeməyi, qonaqlama, nəqliyyat və bələdçi xidmətləri daxildir.
Tur-paketə fotosessiya da daxildir.
“Atlas Travel” şirkətində isə 1 günlük Quba turu 20 manata, Qəbələ turu 21 manata, Şəki-Qəbələ turu isə 23 manata təklif olunur. Bu paketə nəqliyyat xidməti, səhər yeməyi, tur bələdçisi, fotosessiya, çay fasiləsi daxildir.
Qrup qitmətləri 10% endirimlədir
“Aristokrat Travel” şirkətində isə tur qiymətləri təqdim olunan yemək sayına görə dəyişir. Belə ki, 1 günlük Quba turu səhər yeməyi ilə 20 manata, səhər və nahar yeməyi ilə isə 30 manata başa gəlir. Qəbələ turu 1 günlük səhər yeməyi ilə 21 manata, səhər və nahar yeməyi ilə 32 manatadır. Şəki turu 1 günlük səhər yeməyi ilə 23 manata, səhər və nahar yeməyi ilə isə 33 manatadır. Bildirdilər ki, qrup olaraq müraciət edilərsə bu qiymətlərə 10% endirim ediləcək.
135 manata tur-paket
“Baku Holiday Travel” şirkəti isə Quba turunu 21 manata, Şəki-Qəbələ turunu isə 23 manata təklif edir. Bu paketə nəqliyyat, səhər yeməyi, tur bələdçi, fotosessiya və ekskursiyalar daxildir. Bu turizm şirkəti eyni zamanda digər istiqamətlər üzrə də turlar təşkil edir. Belə ki, burada Lənkəran-Astara turu 25 manata, Göygöl turu 28 manata, Lənkəran-Masallı-Yardımlı turu isə 99 manata, Mingəçevir-Gəncə-Göygöl turu isə 135 manatadır.
Qrup təşkilatçısı üçün havayı olacaq
“Baku Travel” şirkətində də müvafiq istiqamətlər üzrə tur qiymətləri digər şirkətlərlə eynidir. Belə ki, 1 günlük Quba turu 20 manata, Qəbələ turu 21 manata, Şəki turu isə 23 manata başa gəlir. Şirkətdən bildirdilər ki, əgər bu tur xidməti üçün 18 nəfərlik qrup olaraq müraciət edilərsə ümumi qiymətlərə 10%-ə qədər endirim edilir, təşkilatçı isə ödənişsiz bilet əldə edə bilir.
Eləcə də bax: Bakı Pub-larında pivə setləri – SİYAHI, QİYMƏTLƏR
5-6 may tarixinə 75 manatlıq tur
“Misafir Trave” şirkəti Şəki-Qəbələ turunu 23 manata, Oğuz-Qəbələ turunu 23 manata, Quba turunu isə 20 manata təklif edir. Bu qiymətlərə nəqliyyat, səhər yeməyi, tur bələdçi, fotosessiya, çay fasiləsi və hədiyyəli oyunlar daxildir. Bu şirkətinin 5-6 may tarixi üçün təklif etdiyi Marxal-Şəki-Qəbələ turunun qiyməti isə 75 manatadır. Bu 2 günlük tur paketə nəqliyyat, 5 ulduzlu hoteldə gecələmə, 2 günün səhər yeməyi, çay süfrəsi, ekskursiya, tur bələdçi, fotosessiya daxildir.
Ölkədaxili tur yalnız xaricilər üçün nəzərdə tutulub
“The tour” şirkəti yerli əhaliyə ölkədaxili tur təklif etmir. Burada daxili turlar ancaq xarici vətəndaşlar üçün nəzərdə tutulub. Şirkətdən bildirdilər ki, burada 1 günlük Qəbələ turunun təxmini qiyməti 25 dollar təşkil edir. Bu qiymət Quba turu üçün də keçərlidir. Qəbələ turu isə 1 günlük mümkün olmur. Məlumat verdilər ki, bu istiqamət üzrə tur qiyməti oradakı hotellərdən asılı olaraq dəyişir.
650 manata qədər ölkədaxili tur qiymətləri
“PASHA Travel” şirkətinə də ən çox tur müraciətləri Quba, Şəki və Qəbələ istiqamətindədir. Şirkətdən bildirdilər ki, burada bələdçi və nəqliyyat xidmətləri daxil olmaqla 4 nəfər üçün Qəbələ turu 320 manata, Şəki turu 340 manata, Quba turu isə 300 manatadır. Məlumata görə, bu şirkət qrup şəklində də turlar təşkil edir. Belə ki, bələdçi və nəqliyyat xidmətləri daxil olmaqla 35 nəfər üçün Qəbələ turu 550 manata, Şəki turu 650 manata, Quba turu isə 515 manatadır.
Hamı 5 ulduzlu hoteldə qalmaq istəyir
“Gilan Tourism” şirkəti ailələr üçün ölkədaxili turlar təklif edir. Belə ki, 4 nəfərlik ailə Qəbələnin 5 ulduzlu hotelində istirahət etmək istəsə nəqliyyat xidməti də daxil olmaqla 388 manat ödəməli olacaq. Quba turu isə bir ailəyə 506 manata başa gələcək ki, bu qiymətə də hotel, nəqaliyyat(sedan avtomobil) və səhər yeməyi daxildir. Şəki turunun qiyməti isə bir qədər yüksəkdir. Belə ki, burada 2 dənə standart 2 nəfərlik otaq götürülsə, nəqaliyyatın gediş-dönüş xidməti də daxil olmaqla ümumi xərc 528 manat edəcək.
Şirkətdən bildirdilər ki, Qəbələdə 3, 4 və ulduzlu, Şəkidə isə 4 və 5 ulduzlu hotellər var. Qubada isə yalnız 5 ulduzlu hotellərdir. Müştərilər də daha çox 5 ulduzlu hotellər üçün müraciət edirlər.
Eləcə də bax: 30 manatdan 23 min manata qədər – BAKIDA «RENT A CAR» QİYMƏTLƏRİ
Yerli camaat da, xarici turistlər də bu rayonlara gedir
“Kings Travel” şirkəti ilə ailəvi tur gəzinti qiymətləri 130-450 dollar arasında dəyişir. Şirkətdən bildirdilər ki, Yerli camaat da, xarici turistlər də ən çox Şəki, Qəbələ və Quba istiqamətində turlar üçün müraciət edirlər. 4 nəfərlik bir ailənin Qəbələyə tur səyhaəti 1 günlük 130 dollara, 1 gecə 2 günlük isə 380 dollara başa gələcək. Bu qiymətə nəqliyyat və qonaqlama xərcləri daxildir. Eynilə Şəki turu 1 günlük 150 dollara, 1 gecə 2 günlük isə 300 dollaradır. Quba turu üçün isə bir ailənin 1 günlük 120 dollar, 1 gecə 2 günlük isə 450 dollar xərci çıxacaq.
Məmməd Ağayev
Ən sərfəli ölkədaxili turlar hansıdır? – SİYAHI, QİYMƏTLƏR
10:34
2 May 2018