Dövlət Turizm Agentliyi yerləşdirmə (hotel), səyahət agentliyi və tur operator faəliyyəti üzrə məşğul olan sahibkarlara dəstək paketinin mahiyyətini açıqlayıb.
Eləcə də bax: Koronavirusa görə turizm sektoruna dəstəklə bağlı - TƏKLİFLƏR SİYAHISI GENİŞLƏNDİRİLİB
FED.az xəbər verir ki, agentlikdən verilən məlumata görə, sahibkarlara əmək ödənişləri ilə bağlı dəstək proqramı dedikdə, pandemiyadan zərər çəkmiş iqtisadi sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işçilərinin rəsmi əməkhaqqı və sosial sığorta ödəmələrinin dövlət tərəfindən aprel və may aylarında kompensasiyası nəzərdə tutulur. İşçilərin sayı aprel ayının 1-nə kimi əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində qeydiyyata salınmış işçilərin sayına uyğun müəyyən edilir:
Mexanizm aşağıdakı kimidir:
- İşçinin əməkhaqqısı 712 AZN-ə qədərdirsə, onda əməkhaqqının 100 %-i dövlət tərəfindən təmin edilir.
- İşçinin əməkhaqqısı 712 AZN-dən yuxarıdırsa, o zaman, işçiyə dövlət tərəfindən veriləcək maksimum əmək haqqı 712 AZN müəyyən edilir.
Əmək ödənişlərinə dəstək proqramı əməkhaqqına dəstəkdən başqa işçilərin sosial sığorta haqlarının da ödənilməsini nəzərdə tutur. Məqsəd odur ki, hər bir işçinin gələcək sosial müdafiəsi təmin edilsin və perspektivdə pensiya ilə bağlı hər hansı problem yaşanmasın”.
Agentlik bildirir ki, əmək ödənişləri ilə bağlı dəstək proqramına müraciət etmək üçün sahibkarlıq subyektləri www.e-taxes.gov.az saytına daxil olmalıdırlar. Pandemiya dövründə iş yerlərini 1 mart tarixinə kimi ixtisar edən sahibkarlıq subyektləri bu dəstək paketindən faydalana bilməyəcəklər.
Beləliklə, dövlət pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət sahəsi kimi, yerləşdirmə (hotel, hostel və s. səyahət agentlikləri və tur operator fəaliyyəti) üzrə sahibkarlıq subyektlərinin əmək müqaviləsi ilə işə götürdüyü işçilərin əmək ödənişlərinə dəstək göstərəcək.
Fərdi (mikro) sahibkarlara maliyyə yardımı pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət sahəsində çalışan mikro və fərdi sahibkarlara minimum 250 AZN, maksimum 5000 AZN yardımın edilməsi nəzərdə tutulur. Mikro sahibkar dedikdə, işçilərin sayı 10-a qədər, illik gəliri 200.000 AZN-ə qədər olan sahibkarlar nəzərdə tutulur. Yerləşdirmə (hotel), səyahət agentlikləri və tur operator fəaliyyəti üzrə məşğul olan mikro və fərdi sahibkarlar iş yerlərini azaltmayıblarsa, habelə, 2019-cu ildə vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçiriblərsə, dövlətdən birbaşa maliyyə dəstəyi alacaqlar.
Sahibkarların alacaqları birbaşa maliyyə yardımının məbləği 2019-cu ildə ödədikləri vergilərin məbləğinə uyğun olaraq hesablanacaq. Belə ki, 2019-cu ildə 1 AZN-dən 250 AZN-ə qədər vergi ödəyən sahibkarlar 250 AZN məbləğində, 250-1000 AZN arasında vergi ödəyənlər ödədikləri vergi məbləği qədər, 1000 AZN-dən çox məbləğdə vergi ödəyən ödəyicilər isə bir sıra iqtisadi meyarlar əsasında 5000 AZN-ə qədər maliyyə yardımı ala biləcəklər. Fərdi sahibkarlara (mirko) dəstək proqramına müraciət etmək üçün www.e-taxes.gov.az saytına daxil olmaq zəruridir:
“Əlavə olaraq bildiririk ki, bələdçi fəaliyyəti Dövlət Vergi Xidmətində “Turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri və bununla əlaqədar fəaliyyət” adlı 79900 iqtisadi fəaliyyət növünün kodu üzrə təsnifləşdirilib. Yəni VÖEN-i olan, həmçinin VÖEN əldə edərkən, Dövlət Vergi Xidmətində 79900 iqtisadi fəaliyyət növü üzrə qeydiyyatdan keçən, habelə 2019-cu ildə vergi və sosial sığorta ödəmələrini həyata keçirən bələdçilər sözügedən proqramdan faydalana, başqa sözlə dövlətdən birbaşa maliyyə yardımı əldə edə bilərlər”.
Agentlikdən qeyd edilib ki, pandemiyadan zərər çəkmiş iqtisadi sahələrə, o cümlədən, yerləşdirmə (hotel), səyahət agentlikləri və tur operator fəaliyyəti ilə məşğul olan sahibkarlara vergilər üzrə aşağıdakı güzəşt və azadolmalar, tətillərin verilməsi ilə bağlı qanun layihəsinə aprel ayında Milli Məclisdə baxılacaq:
Tətillər
Mikro sahibkarlıq subyektləri üzrə hesabatların (gəlir, mənfəət, əmlak və sadələşdirilmiş vergi) verilməsi müddətinin uzadılması
Vergilərin ödənilməsi müddətinin uzadılması
Ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının müəyyən müddətə təxirə salınması
Güzəştlər
Sadələşdirilmiş vergi üzrə güzəştin verilməsi
Mənfəət (gəlir) vergisi üzrə müddətli güzəştlərin verilməsi
İcarə haqqından tutulan vergilər üzrə güzəştin verilməsi
Azadolmalar
Əmlak və torpaq vergisindən azadolmaların verilməsi
Mənfəət və əmlak vergisi üzrə cari vergilərdən azadolmaların verilməsi
Digər
Epidemiyanın qarşısının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin gəlirdən çıxılması
Dövlət tərəfindən kredit-zəmanət dəstəyi proqramı mövcud və yeni bank kreditlərinə münasibətdə tətbiq ediləcəkdir. Kredit faizindən və müddətindən asılı olmayaraq, biznesin mövcud bank kreditlərinə aşağıdakı dəstək göstəriləcək:
Kredit faizlərinin subsidiyalaşdırılması
Yerləşdirmə, səyahət agentliyi və tur operator fəaliyyəti üzrə olan sahibkarların mövcud bank kreditlərinin (2020-ci il 10 mart tarixinə qədər) faiz dərəcələrinin 10 %-i dövlət tərəfindən qarşılanacaq. Yəni,18 %-lik bank kredit faizinin 10 %-ə qədər olan hissəsi dövlət tərəfindən, 8 % hissəsi isə sahibkar tərəfindən qarşılanacaq.
15 % və 3 il müddətinə biznesin götürəcəyi yeni kreditlərə (500 mln AZN) aşağıdakı dəstək göstəriləcək.
Kredit-zəmanətin verilməsi
Dövlət pandemiyadan əziyyət çəkmiş sahələrin, o cümlədən, yerləşdirmə, səyahət agentliyi və tur operator fəaliyyət üzrə sahibkarların banklardan 15 % və 3 il müddəti üçün yeni götürdükləri kreditlərinin ümumi məbləğinin 60 % hissəsinə zəmanət duracaq.
Kredit faizlərinin subsidiyalaşdırılması
Dövlət pandemiyadan əziyyət çəkmiş sahələrin, o cümlədən, yerləşdirmə, səyahət agentliyi və tur operator fəaliyyəti üzrə fəaliyyət göstərən sahibkarların 15 % və 3 il müddətinə yeni götürdükləri bank kreditlərinin faizlərinin 50 %i subsidiyalaşdıracaq.