Bu gündən açılan daxili sərhədlər Azərbaycanın pandemiyadan ziyan çəkmiş turizm sənayesinə canlanma gətirəcək.
Eləcə də bax: Rayonlardan Bakıya gələnlərin sayı artdı - Video
FED.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, yalnız Azərbaycanda deyil, bütün dünyada turizm sənayesi pandemiya dövründə ən çox ziyan çəkən sahədir.
K.Quluzadə qeyd edib ki, bu ilin yalnız mart-iyul aylarında turizm sektorunda yaranan əlavə dəyər göstəriciləri ötən illə müqayisədə 4 dəfə az olub. Nəticədə turizm sektorunun ölkə iqtisadiyyatındakı xüsusi çəkisi fevral ayında 3,6 faiz olduğu halda, mayda bu göstərici 1,4 faizə enib:
“Bu gündən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan rayonlara gediş-gəliş açıldığı üçün hesab etmək olar ki, Azərbaycanda daxili turizm faktiki olaraq, bərpa edilir. Ancaq daxili turizmin bərpası müəyyən şərtlərlə həyata keçirilir. Burada da əsas məsələ insanların sağlamlığının qorunmasını təmin etməkdir. Biz vətəndaşlara müraciət edirik ki, karantin qaydalarının yumşalmasından sonra yenidən sərtləşdirmənin olmaması üçün vacib olan qaydalara əməl etsinlər”. (Modern)