COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi turizmin inkişafına müsbət təsir göstərəcək.
Azərbaycan mehmanxanalarında gecələmələrin sayı 25% artıb
FED.az xəbər verir ki, bunu turizm məsələləri üzrə ekspert Rəhman Quliyev deyib.
O qeyd edib ki, ölkəmizin belə tədbirlər keçirməkdə təcrübəsi var.
"Bütün dünyanın gözü Bakıda olacaq. Dünya liderlərinin paytaxtımıza toplanması ölkəmizin bütün dünyada böyük nüfuza sahib olmasının göstəricisidir. Artıq paytaxtdakı hotellərin doluluq səviyyəsi 100%-ə yaxınlaşır.
Konfrans beynəlxalq diqqəti ölkəmizə yönəldəcək və Azərbaycanın ekoloji təşəbbüslərini tanıtmaq üçün əla bir platformadır.
COP29 ekoturizm və dayanıqlı turizm sahələrini canlandıracaq. Eyni zamanda, konfransın təşkili ölkədəki turizm infrastrukturunun inkişafına təkan verəcək və mədəniyyətimizin daha geniş auditoriyaya tanıdılmasına imkan yaradacaq.
Bu cür tədbirlər həm də yerli iqtisadiyyata müsbət təsir edərək, turistlərin Azərbaycana daha çox cəlb olunmasına səbəb olacaq", - R.Quliyev vurğulayıb.
Turizm məsələləri üzrə ekspert Azər Həsənov bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəyə turist axınını artıracaq.
"İqlim dəyişikliyi ilə bağlı qlobal müzakirələr Azərbaycanın ekoturizm potensialını ön plana çıxaracaq və beynəlxalq diqqəti cəlb edəcək. Bu, həm də sərgi və konfrans turizmi üçün yeni imkanlar yaradacaq. Yerli mədəniyyət və tarixi yerlərin tanıdılması ziyarətçilərin sayının artmasına təsir göstərə bilər.
COP29 Azərbaycanın beynəlxalq platformada tanınmasına və ölkənin ekoloji təşəbbüslərini nümayiş etdirməsinə imkan yaradacaq. Bu, turistlərin marağını artıracaq. İqlim dəyişikliyi ilə bağlı müzakirələr ekoturizmin inkişafını təşviq edə bilər.
Turistlər daha çox ekoloji cəhətdən dost olan təcrübələr axtarışında olacaqlar. Konfransın keçirilməsi ölkədə turizm infrastrukturu, hotellər və nəqliyyat sisteminin inkişafına təkan verə bilər. COP29 çərçivəsində Azərbaycan mədəniyyəti və təbiətinin tanıdılması üçün xüsusi proqramlar təşkil edilə bilər, bu da turist axınını artırar.
Turizm sektoru genişlənərək, yerli iqtisadiyyatı canlandıracaq, bu da yerli əhalinin rifahına müsbət təsir göstərə bilər. Nəticədə, COP29-un keçirilməsi Azərbaycana turist axınını artırmağa və ölkənin beynəlxalq imicini gücləndirməyə kömək edə bilər", - deyə o qeyd edib.
Dövlət Turizm Agentliyindən bildiriblər ki, Azərbaycanın turizm sənayesinin, o cümlədən, hotellərin COP29 tədbirinə hazırlıqları davam edir.
"May ayından etibarən xüsusi vahid onlayn rezervasiya platforması üzərindən hər bir ulduz dərəcəsinə uyğun hotellər və yaşayış komplekslərinin bronlaşdırılması həyata keçirilir. Hotellərə əlavə olaraq ehtiyac yarandığı təqdirdə yaşayış kompleksləri, villa kompleksləri, istirahət mərkəzləri və digər yaşayış müəssisələrinin istifadəsi nəzərdə tutulur. COP29-da iştirak etmək istəyənlər üçün şəhərin istənilən ərazisində evlərin kirayəsi prosesi digər platformalar ("Airbnb", "Booking" və s.) vasitəsilə mümkündür.
Həmçinin, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində fəaliyyət göstərən 300-dən çox yerləşmə yerinin auditi həyata keçirilib və onlardan 200-dən çoxu ulduz dərəcəsi əldə edib.
Hotellərdə xidmət keyfiyyətinin artırılması məqsədilə 2000-ə yaxın hotel personalına ixtisaslaşmış praktiki peşə təlimləri, dayanıqlılıq üzrə təlim, eləcə də, yerləşmə yerlərində mətbəx idarə edilməsi və qastronomiya ilə bağlı (veqan və vegeterian menyuların hazırlanması daxil olmaqla) təlimlər keçirilməkdədir", - deyə Agentlikdən məlumat verilib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir. (Trend)