16 may 2019-cu il tarixindən etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Rusiyanın daha bir şəhəri – Həştərxana birbaşa aviareyslərə başlayacaq.
FED.az xəbər verir ki, Həştərxan loukost aviaşirkətin Rusiyadakı beşinci istiqaməti olacaq. Belə ki, aviaşirkət artıq Bakıdan Moskva, Sankt-Peterburq, Kazan və Mineralnıye Vodı şəhərlərinə müntəzəm uçuşlar həyata keçirir.
Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Həştərxan (IATA:ASF) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı yerinə yetiriləcək.
Eləcə də bax: Erkən rezervasıya haqqında - HƏR ŞEY
Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür.
Lou-kost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.
10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə edə bilərsiniz.
Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.
Həştərxan böyük balıq ovu üçün əlverişli olan yerləşimi ilə turistləri cəlb edir. Həştərxanda Volqa boyunca çay kruizləri təklif olunur. Çox sayda memarlıq və mədəni abidələr isə turistlərin burada daha bir neçə gün qalmasına səbəb olur.