Aprel ayından etibarən "Buta Airways" aşağıbüdcəli aviaşirkəti Bakıdan İstanbul və İzmir şəhərlərinə yerinə yetirdiyi xüsusi reyslərin sayını tədricən artırmağı planlaşdırır.
Şirkətdən FED.az-a bildirilib ki, aşağıbüdcəli aviaşirkətin Türkiyənin qeyd edilən iki şəhərinə uçuşlarının artması sərnişinlərə həmin marşrutlar üzrə biletləri rəqabətədavamlı və münasib qiymətə əldə etmək imkanı yaradacaq. Bakıdan İzmirə və geri reyslərin sayı həftədə üç dəfədən dörd dəfəyədək artırılacaq.
Aprel ayının 20-dən etibarən isə Bakı-İstanbul-Bakı istiqamətində uçuşlar hər gün yerinə yetiriləcək.
Reyslər "Buta Airways" tərəfindən Türkiyənin Adnan Menderes (İzmir) və Sabiha Gökçen (İstanbul) hava limanlarına yerinə yetiriləcək.
Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - "Standart" və "Super". Hər iki tarifə ödənişsiz qaydada yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.
Qeyd edilən reyslərə biletlər "Buta Airways" aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə) və akkreditə olunmuş agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur. Aviabiletlərin qiyməti 55 avrodan başlayır.
Pandemiya dövründə həmin reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcəkdir.
Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan kateqoriyalı sərnişinlər qəbul olunacaq.
Bakı-İstanbul və ya Bakı-İzmir istiqaməti üzrə reyslərin sərnişinləri:
- Türkiyə ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Türkiyəyə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/turkey
- koronavirus infeksiyasının olmaması barədə tibbi arayış almalıdırlar. Azərbaycanda koronavirus infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilmişdir: https://www.butaairways.az/az/covid/clinics
İstanbul-Bakı və ya İzmir-Bakı istiqaməti üzrə reyslərin sərnişinləri:
- Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/azerbaijan
- koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kod qeyd olunması tövsiyə olunur (QR-kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq). Türkiyədən uçuş zamanı “Memorial Sağlık Grubu”nun klinikalarından birində və ya ölkənin səhiyyə nazirliyinin saytında dərc olunmuş siyahıdakı klinikalarda test vermək mümkündür: https://hsgm.saglik.gov.tr/tr/haberler/yetkilendirilmis-covi-d-19-tani-laboratuvarlari.html
"Buta Airways" aşağıbüdcəli aviaşirkəti 6 dekabr tarixindən Bakıdan İzmir şəhərinə, 18 mart tarixindən isə İstanbul şəhərinə reyslər həyata keçirir.
Həmçinin qeyd etməliyik ki, Türkiyə və Azərbaycan hökumətləri arasında imzalanmış “Şəxsiyyət vəsiqəsi ilə səfər haqqında protokol”a əsasən 2021-ci ilin 1 aprel tarixindən etibarən iki ölkənin vətəndaşları sadəcə olaraq yeni nümunəli şəxsiyyət vəsiqəsi ilə birbaşa uçuşlar yerinə yetirə bilərlər.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.
Bütün istiqamətlər üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.