Azərbaycanın aşağıbüdcəli aviaşirkəti “Buta Airways” Yaxın Şərqə daha bir istiqamət açır.
FED.az xəbər verir ki, 30 oktyabr 2019-cu il - 28 mart 2020-ci ilin qış cədvəli çərçivəsində aviaşirkət həftədə iki dəfə - çərşənbə və şənbə günləri olmaqla Bəhreynə birbaşa uçuşlar həyata keçirəcək.
Yeni reyslər Azərbaycana əlavə turist axınına şərait yaradacaq. Eyni zamanda, Bəhreyn özü də qədim abidələri, rəngarəng təbiəti və əla dalğıclıq imkanları ilə səyahətçiləri cəlb edir. Həmçinin Bəhreynin paytaxtı Manama hər il keçirilən Formula 1 Qran Pri yarışına evsahibliyi edir.
Qeyd edək ki, daha əvvəl loukoster Səudiyyə Ərəbistanının Ər-Riyad və Dammam şəhərlərinə birbaşa reyslər açmışdır.
Yeni istiqamətin açılması İran Körfəzi ölkələrindən Azərbaycana əlavə turist axınına şərait yaradacaq və iki ölkə arasında işgüzar əlaqələri gücləndirəcək. Yaxın gələcəkdə "Buta Airways" aşağıbüdcəli aviaşirkəti Yaxın Şərqin bir sıra digər şəhərlərinə birbaşa reyslər açmağı planlaşdırır.
Aviabiletləri aviaşirkətin rəsmi internet saytında, həmçinin aviaşirkətin satış ofislərində əldə etmək mümkündür.
Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.
Bütün yenilikləri və xəbərləri “Buta Airways”in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür:
“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.