Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər və xarici ticarət naziri Timko Muçunski ilə görüşüb.
Şimali Makedoniya və Azərbaycan arasında diplomatik pasport sahibləri üçün viza tələbi ləğv ediləcək
FED.az Azərbaycan XİN-ə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan və Şimali Makedoniya arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyi, siyasi dialoqun inkişafı, iqtisadi, ticarət, enerji və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
C.Bayramov Azərbaycan və Şimali Makedoniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayaraq qarşılıqlı səfərlərin və yüksəksəviyyəli təmasların əməkdaşlığın inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
İkitərəfli əməkdaşlığın inkişafı üçün yeni imkanların müəyyən edilməsinin, ticarət və investisiya sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd edilib.
Nazirlər iki ölkə arasında enerji sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edərək, Azərbaycanın enerji təchizatçısı və tranzit ölkə kimi Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni qeyd ediblər. Bu çərçivədə bərpa olunan enerji və alternativ enerji mənbələri sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri diqqətə çatdırılıb.
Görüşdə, həmçinin turizm sahəsində əlaqələrin inkişafı üçün potensial imkanlar dəyərləndirilib. Ölkələrimizin zəngin mədəni irsi və turizm imkanlarının tanıdılması istiqamətində birgə işlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə vəziyyət, bərpa-yenidənqurma işləri, mina təhdidləri, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə həmkarına məlumat verərək, bölgədə sülhün və təhlükəsizliyin bərqərar olunması istiqamətində ölkəmizin səylərini diqqətə çatdırıb.
Görüşdən sonra Azərbaycan və Şimali Makedoniya hökumətləri arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında sazişin imzalanma mərasimi hər iki nazirin iştirakı ilə baş tutub.