Cari ilin yanvar-mart aylarında Qəbələ rayonundakı hotel və mehmanxana tipli müəssisələrə 17 min 822 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 9 min 31 nəfəri və ya 50,7 faizi Azərbaycan, 8 min 791 nəfəri və ya 49,3 faizi xarici ölkə vətəndaşı olub.
Azərbaycanda ən çox pul xərcləyən turistlər bu ölkələrdən gəlir - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, ilin ilk 3 ayında Qəbələnin hotel və mehmanxanalarında yerləşdirilən yerli və əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3025 nəfər və ya 20,4 faiz artıb. Bu dövrdə yerli turistlərin sayında 1030 nəfər və ya 13 faiz, əcnəbi turistlərin sayında isə 2000 nəfər və ya 29 faiz artım qeydə alınıb.
İdarədən verilən məlumata görə, bu il Qəbələyə ən çox xarici turist əvvəlki aylarda olduğu kimi, Hindistandan gəlib. Belə ki, üç ayda bu ölkənin 4 667 vətəndaşı Qəbələdə olub. Bundan başqa, yanvar-mart aylarında Qəbələyə Birləşmiş Ərəb Əmirliklərindən 1066, Səudiyyə Ərəbistanından 635, Pakistandan 616, Küveytdən 262, Rusiya Federasiyasından 197, Qətərdən 150, Omandan 109, Türkiyədən 101, İsraildən 61 turist səfər edib. Gələnlərin 927 nəfəri isə digər ölkələrin vətəndaşları olub.
Bu dövrdə Qəbələ rayonu ərazisindəki 20 mehmanxanadan 15-i fəaliyyət göstərib. Bir gün qonaqlamaq üçün orta qiymət 102 manat təşkil edib. Turistlərin rayonda qalma müddəti 1-2 gün olub.