Azərbaycanda daxili turizmin aktivləşdirilməsi üçün görülən işlər nəticəsində yeni turizm istiqamətləri ortaya çıxıb.
Quru sərhədlərinin bağlı qalması fonunda təyyarə ilə səfər etmək istəməyələr bölgələrə axışmağa başlayıb və nəticədə bir neçə populyar və maraqlı istiqamətlər ortaya çıxıb. Amma müşahidələr göstərir ki, hələlik bu sahədə işlər yarımçıqdır, elementar məsələlər açıq qalıb. Bölgələri xaricilər bir yana, hələ yerli vaətəndaşlar üçün cəlbedici etmək üçün hələ çox iş görülməlidir.
FED.az xəbər verir ki, belə istiqamətlərdən biri olan Astaranın Sım kəndinə mediatur təşkil edilib. Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə oktyabrın 3-də baş tutan səfər zamanı Sım kəndinin turizm potensialı, ekoturizm və aqroturizmi imkanları nümayiş etdirilib. Eyni zamanda jurnalistlər qonaqlama xidməti göstərən kənd evlərinə baxıb, yerli mətbəxlə tanış olublar.
Astaranın Sım kəndi və ölkənin digər ərazilərindəki 10-a yaxın digər kənddə «Turistik kənd» layihəsi həyata keçirilir. Bu “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında nəzərdə tutulub. Layihəyə əsasən turistlər üçün cəlbedici ola biləcək kəndlər abadlaşdırılr, onların vizual görünüşü yaxşılaşdırılır və turizm vasitəsilə buradakı əhalinin iş yeri məsələsi həll edilir.
«Turistik kənd» layihəsi Qusarın Laza, Qubanın Qrız, Qaxın İlisu və Sarıbaş, Qəbələnin Duruca, İsmayıllının İvanovka, Lerikin Bibiyani, eləcə də Astaranın Sım kəndini əhatə edir.
Bəs Sım-da nə iş görülüb? 2019-cu ildə məşhur turizm blogeri İradə Qədirova tərəfindən Sım kəndinin turizm məkanında bomba kimi partlamasından sonra burada müəyyən işlər görülüb.
Məsələn Dövlət Turizm Agentliyi bildirir ki, Sım kəndi cənub bölgəsinin turizm marşrutlarına və xəritələrinə daxil edilib, istiqamətverici lövhələr quraşdırılıb. Həmçinin kənddə aqroturizmin inkişafı üçün layihlər başlayıb.
Məsələn, kəndə gələn qonaqlara xidmət göstərən kənd evləri müvafiq avadanlıqlarla təmin edilib, yerli sakinlər üçün qonaqlama, aqroturizm və bələdçilik üzrə təlimlər təşkil edilib, yerli bələdçilər hazırlanıb.
Eləcə də Agentlik öz imkanları ilə Sım kəndini təbliğ etməyə başlayıb. Məsələn, kənd boyu 32-dən çox məlumat lövhəsi quraşdırılıb.
Kənddə məşğulluqla bağlı da müəyyən işlər görülüb, təndir evləri hazırlanıb, turistlər üçün sanitar qovşaq inşa edilib. ,
Eyni zamanda Sım-da agentliyin qrantı ilə iki layihə icra olunur. Bunlardan biri arıçılıq təsərrüfatının inkişafıdır — nümunəvi arıçılıq təsərrüfatı yaradılır. Digəri isə kənddə bəzi infrastruktur obyektlərinin qurulmasıdır. Məsələn, indi kənddə satış köşkü tikilir, açıq hava muzeyini yaradılıb, onun bina variantı da təkiləcək. Həmçinin piknik ərazilərinin yaradılması, uşaqlı ailələr üçün oyun meydançasının salınması planlaşdırılır.
Təbliğat üçün əsas mövzulardan biri kənddəki Sım şəlaləsi olub. Şəlalə ilə başlayan reklamın müəyyən nəticəsi olub, ilk növbədə kəndə gələn turistlərin sayı kəskin artıb, əvvəllər buraya ildə 1000 turist gəlirdisə, indi yayda hər ay buraya 2000 nəfərə yaxın turist gəlir: «Ümumiyyətlə, kənddə görülən işlərin nəticəsi olaraq turistlərin sayı xeyli artıb. Vaxtilə buraya il ərzində minə yaxın turist gəlirdisə, artıq indi hər yay ayı ərzində 2000-dən çox turist gəlir. 2017–2019-cu illərlə müqayisədə, son iki ildə tendensiya tamamilə dəyişib»-deyə DTA-nın nümaynədələri bildirir.
Hərçənd şəlalənin indiki duruma baxanda bu olduğundan daha çox reklam olunan yer təəssüratı bağışlayır. Belə ki, şəlalə ətrafında turistlərə xidmət üçün ciddi infrastruktur və xidmət obyektləri hələ də yaradılmayıb. Əsas problemlərdən biri kəndin bərbəd şəkildə olan yollarıdır. Sım kəndinə gedən yollar o qədər çətindir ki, hətta bəzi kənd sakinləri nisbətən hündür avtomobillərlə «şəlaləyə qalxmaq üçün taksi» xidməti təklif edirlər. Agentlik bildirir ki, kəndin yolu müvafiq qurumlarla müəyyən dərəcədə düzəldilib. Gələcəkdə kənd içi yolların tamamilə təmiri də nəzərdə tutulur.
Bundan sonrakı illərdə burada infrastrukturun yenilənməsi nəzərdə tutulur. Xüsusilə kənd içi yolların düzəldilməsi, fasad işlərinin aparılması — kənd evlərinin və küçələrin görünüşünün abadlaşdırılması və sair.