Qusar rayonunda yerləşən Şahdağ Turizm Mərkəzi bayram günlərində 5 mindən çox turist qəbul edib. Bu, martın 19-dan 26-dək qeydə alınan göstəricidir.
Azərbaycana gələn turistlərin sayı - 47%-Ə YAXIN ARTIB
FED.az xəbər verir ki, Novruz bayramı münasibətilə elan olunan qeyri-iş günlərində istirahət kompleksində dincələnlər arasında xeyli əcnəbi olsa da, qonaqların əksəriyyəti yerli turistlərdir.
Turizm mərkəzinin mətbuat katibi Orxan Bədəlov bildirib ki, xarici qonaqlar arasında daha çox Yaxın Şərq ölkələri, Rusiya və Cənubi Asiya ölkələrinin vətəndaşları yer alıb.
Tətil günlərində kompleksin tabeliyində olan hotellərin xidmətlərindən, ümumilikdə, 2000-dən çox şəxs istifadə edib.
Mərkəzin qonaqları xizək və snoubord sürmə ilə yanaşı, aeroxizək və kvadrosikl turları, ziplayn, peyntbol, uşaqlar üçün kirşələr, buz meydançası kimi 20-dən çox qış əyləncəsindən yararlanıblar.
Bayram günlərində Şahdağ Turizm Mərkəzini ziyarət edən turistlərin əksəriyyəti xizək yollarından və kanatlardan istifadə edib. Bununla yanaşı, bayram şənlikləri, musiqi ziyafəti mərkəzdə dincələn turistlərin zövqünü oxşayıb.
Şahdağ Turizm Mərkəzi ərazisində yüksək səviyyəli 5 hotel fəaliyyət göstərir. Hotellər təkcə qonaqlama xidməti ilə deyil, eyni zamanda, 20-ə yaxın iaşə obyekti (restoran, kafe və bar), sağlamlıq və fitnes mərkəzi, SPA xidməti, xizəklərin icarəsi və satışı məntəqəsi, uşaq bağçası, konfrans zalı və s. kimi xidmətlərlə də turistlərin ixtiyarındadır. (Azərtac)