Beynəlxalq turizm mərkəzi olan Naftalanda yaradılan müasir turizm infrastrukturu nəinki isti yay aylarında, hətta soyuq qış fəslində də şəhərə gələn turistlərin sayının sürətlə artmasına səbəb olub.
FED.az xəbər verir ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə Naftalana üz tutan yerli və xarici turistlərin sayında əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə artım müşahidə olunub.
Yeni il bayramında qonaqların istirahətinin mənalı və yaddaqalan olması üçün otellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif tədbirlər və xüsusi hazırlanmış əyləncəli şou proqramlar təşkil olunub. Bundan başqa, bayram günləri ərəfəsində turistlərin daha mənalı istirahəti üçün turizm obyektləri tərəfindən Naftalana yaxın digər mənzərəli bölgələrə ekskursiyalar təşkil edilib.
Qeyd edək ki, Naftalanda yerləşən müasir otel və istirahət mərkəzlərində bayram günlərində ümumilikdə, 3000-ə yaxın turist qeydə alınıb.