Balakən Azərbaycanın turizm xəritəsində xüsusi yer tuta biləcək bölgələrdən biridir. Təmiz havası, təbii mənzərələri, mədəni irsi ilə seçilən bu rayon illərdir yerli və xarici turistlərin diqqətini cəlb edir. Turizmin bölgə üçün təkcə tanıtım deyil, iqtisadi canlanma vasitəsi olduğunu nəzərə alsaq, infrastrukturun təkmilləşdirilməsi və bərpası daha da əhəmiyyət qazanır. Balakənin turizmə töhfə verən ən vacib layihələrindən biri isə uzun illər əvvəl istifadəyə verilmiş kanat yolu olub.
Balakəndə sərnişin kanat yolu tikiləcək - SƏRƏNCAM
FED.az xəbər verir ki, Balakən rayonunda yerləşən sərnişin kanat yolu yenidən qurulacaq və Prezident İlham Əliyev bu yolun yenidən qurulması üçün sərəncam imzalayıb. Bu məqsədlə 2025-ci ilin dövlət büdcəsindən — Prezidentin ehtiyat fondundan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 5 milyon manat ayrılıb. Layihənin həyata keçməsi üçün Maliyyə Nazirliyi bu vəsaiti köçürməlidir. Eyni zamanda, İqtisadiyyat Nazirliyi növbəti il – 2026-cı il üçün də əlavə vəsait ayırmalıdır ki, tikinti davam etdirilsin. Nazirlər Kabineti isə layihənin uğurla başa çatması üçün lazım olan digər məsələlərlə məşğul olacaq.
Qeyd edək ki, kanat yolu əvvəllər Heydər Əliyev adına mədəniyyət və istirahət parkının bir başından o biri başına qədər uzanır, Heydər Əliyev muzeyinin qarşısına qədər yüksəlirdi.
Balakən Rayon İcra Hakimiyyətinin nümayəndəsinin sözlərinə görə, hazırda kanatın texniki vəziyyəti istifadəyə imkan vermədiyindən fəaliyyət dayandırılıb. Təhlükəsizlik məqsədilə dayanmış bu nəqliyyat vasitəsinin işlək vəziyyətə qaytarılması üçün əsaslı təmirə ehtiyac var.
İndiyədək kanat yolunun uzunluğu 1200 metr olub. Lakin Prezidentin sərəncamından sonra yenidən qurulması nəzərdə tutulan layihədə bu məsafənin artırılması ehtimal olunur. Kanat yolunun yeni istiqaməti dağlıq əraziyə doğru uzadılaraq ümumi uzunluğu 3 kilometrə yaxın ola bilər. Bu dəyişiklik həm yerli, həm də xarici turistlərin daha çox maraq göstərməsinə şərait yaradacaq.
Xatırladaq ki, kanat yolu Azərbaycanın ilk kanat yoludur və 2008-ci ildə istifadəyə verilib. Təxminən 10 ilə yaxın müddətdə fəaliyyət göstərib. 6 kabinədən ibarət bu nəqliyyat vasitəsi saat ərzində 216 nəfər daşımaq gücünə malikdir. Kanatın son dayanacağı isə Seyrangah ərazisidir. Əvvəlki illərdə biletin qiyməti 2 manat olub, lakin təmirdən sonra bu məbləğin dəyişib-dəyişməyəcəyi hələlik məlum deyil.
Yay aylarında xüsusilə yaxın rayonlardan və digər bölgələrdən kanata minmək üçün Balakənə turist axını olurdu. Əvvəlki illərdə gündəlik 50-100, ümumilikdə isə yay mövsümündə hər ay 1500-2000 arası turist sırf kanat yolu üçün rayona səfər edirdi. Bu da Balakənin turizm potensialı baxımından əhəmiyyətli rol oynayırdı.
Layihənin icrası ilə kanat yolunun yenidən istifadəyə verilməsi həm turizm baxımından, həm də regionun sosial-iqtisadi inkişafı üçün müsbət təsir göstərəcək.