“Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov Bakıda Misirin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüşmüşdür.
FED.az xəbər verir ki, görüşdə Azərbaycan və Misir arasında mülki aviasiya sahəsində gələcək əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Cahangir Əsgərov ölkənin beynəlxalq aeroportlarında sərnişin axınının artdığını qeyd etmişdir. 2019-cu ilin ilk dörd ayı ərzində Azərbaycanın hava limanları təxminən 1,5 milyon sərnişinə xidmət göstərib.
Eləcə də bax: "Rüsumların artırılması turizmin inkişafına birbaşa əngəldir" - EKSPERT
Onun sözlərinə görə, yeni xarici aviaşirkətlərin cəlb edilməsi və yeni aviareyslərin açılması istiqamətində aktiv iş davam edir. Belə ki, iyunun 8-dən etibarən hər şənbə “Embraer-190” təyyarəsi ilə həyata keçirilməsi planlaşdırılan Bakı-Qahirə-Bakı marşrutu üzrə çarter aviareysinin açılmasına dair danışıqlar davam edir.
Həmçinin, Qazaxıstanın Azərbaycandan beşinci “hava azadlığı” hüququnu qazanan “SCAT Airlines” aviaşirkəti ilə danışıqlar aparılır. İyulun 18-dən etibarən aviaşirkətin Nur-Sultan– Bakı – Şarm əl-Şeyx marşrutu üzrə həftədə bir dəfə uçuşlar həyata keçirəcəyi gözlənilir. Uçuşlar cümə axşamı günləri “Boeing 757” təyyarəsi ilə həyata keçiriləcək.
Adel İbrahim Ahmed İbrahim bildirmişdir ki, Bakıda keçirilən danışıqlar iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinə təkan verəcək. Diplomatın sözlərinə görə, yeni aviareyslərin açılması iki ölkə arasında turizm və işgüzar əlaqələrin inkişafı üçün əlavə stimul olacaq.