"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli törəməsi - "Buta Airways" bu ilin mart ayında Rusiyanın daha iki şəhərini uçuş marşrutları xəritəsinə daxil edəcək.
FED.az bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan Kazan və Ufa şəhərlərinə xüsusi reyslər həyata keçiriləcək. Uçuşlar hər iki istiqamətdə həftədə iki dəfə yerinə yetiriləcək. Bakı-Kazan-Bakı marşrutu üzrə uçuşlara martın 16-da başlanılacaq, həftənin çərşənbə və şənbə günləri həyata keçiriləcək. Bakı-Ufa-Bakı marşrutu üzrə uçuşlara isə martın 17-də başlanılacaq, həftənin cümə axşamı və bazar günləri həyata keçiriləcək.
Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz yer seçimi və hava limanında qeydiyyat daxildir.
Həmin reyslərə biletləri “Buta Airways” aviaşirkətinin rəsmi saytından (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə etmək mümkündür.
Aviabiletlərin dəyəri 55 avrodan başlayır.
Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir.
Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunur.
Rusiyaya səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşları bu ölkə ərazisinə giriş hüququna malik olmalıdırlar. Qeyd edilən reyslərlə yola düşən bütün sərnişinlər “COVID-19 olmadan səyahət edirəm” mobil əlavəsini smartfonlarına yükləməli və pasportunun skan edilmiş versiyasını, həmçinin COVID-19 üçün PCR-testinin nəticəsini həmin mobil əlavəyə daxil etməlidirlər. Pandemiya dövründə Rusiyaya giriş qaydaları aviaşirkətin saytında dərc olunub: https://www.butaairways.az/az/covid/russia.
Azərbaycanda COVID-19-a dair testdən keçmək üçün klinikaların siyahısı aviaşirkətin rəsmi saytında təqdim edilib: https://www.butaairways.az/az/covid/clinics.
Sərnişin Rusiya şəhərlərindən Azərbaycana uçuş zamanı COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və ya laboratoriyada verə bilər. PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcək.
COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.