2020-ci ilin yanvar ayı ərzində Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını 395 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 14% çoxdur.
Eləcə də bax: Bakı aeroportundan hər 10 təyyarədən 3-ü - GECİKMƏ İLƏ UÇUR - SİYAHI
FED.az xəbər verir ki, onların 336 mininə Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmət göstərilib bu da 2019-cu ilin yanvar ayı ilə müqayisədə 40 min nəfər artıqdır.
Naxçıvanın hava limanı 45 min sərnişinə xidmət göstərmişdir, 12 min sərnişin ilə Gəncə şəhərinin hava limanı isə üçüncü yerdə qərarlaşmışdır.
Qeyd olunan dövr ərzində Azərbaycanın milli aviadaşıyıcısı AZAL 135 min, “Buta Airways” aşağıbüdcəli aviaşirkəti isə 51 min sərnişin daşımışdır.
Paytaxtın hava limanında beynəlxalq uçuşlarda sərnişinlərin sayı 293 min nəfər təşkil etmişdir. Sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı “Türk Hava Yolları” (Türkiyə, 35 min sərnişin), “FlyDubai” (BƏƏ, 16 min), “AirArabia” (BƏƏ, 13 min), “Aeroflot” (Rusiya, 12 min), “Qatar Airways” (Qətər, 7,7 min), “UIA” (Ukrayna, 7,3 min), “SCAT” (Qazaxıstan, 5 min), “Lufthansa” (Almaniya, 3,9 min) və “Belavia” (Belarus, 3,7 min) daxil olmuşdur.
Ümumilikdə yanvar ayında Bakıdan ən çox uçuş İstanbul, Naxçıvan, Moskva və Dubayadır.
2020-ci ilin yanvar ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 32 sərnişin aviaşirkəti 50-dən çox müxtəlif istiqamətə uçuşlar həyata keçirmişdir.
Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL qış cədvəli çərçivəsində Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.